Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Müsahibə zamanı prezident İlham Əliyev ATƏT-in Minsk qrupu və onun fəaliyyəti haqqında da danışıb.
Prezident İlham Əliyev jurnalistin "ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı, onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı, onlar nə işlə məşğuldurlar?” sualına maraqlı cavab verib.
ATƏT-in Minsk qrupunun fəaliyyətini aşağı qiymətləndirən prezident suala zarafatyana cavab verib: "Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir”.
Prezidentin həmin suala cavabının videogörüntüsünü tam olaraq təqdim edirik: