İlham Mirzəyevin məhkəməsində nələr baş verdi?

MAQAZİN
15:50 07.03.2014
1396

Yasamal rayon məhkəməsində ötən ilin iyun ayında silahlı hücuma məruz qalmış teleaparıcı İlham Mirzəyevin Asif Əliyevə qarşı iddiası əsasında qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

AZXEBER.COM xəbər verir ki, hakim Ayaz Məmmədov və prokuror Rizvan Sultanovun apardığı prosesdə təqsirləndirilən tərəfin zərərçəkmişi ittiham edən DVD disk və “Azercell” mobil operatorundan alınmış telefon zənglərinə baxış keçirilməsi vəsatətləri qəbul edilməyib. 

Müəyyən edilib ki, Asif Oruc oğlu Əliyev 13 iyun 2013-cü il tarixində gecə saat 01.00 radələrində Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “Space” telekanalının yaxınlığında, aralarında yaranmış mülki məhkəmə məsələsi ilə bağlı İ.Mirzəyevlə mübahisə edib, əlindəki bıçağı onun boğaz nahiyəsinə diriyərək öldürməklə hədələyib. Bundan sonra vətəndaşların gözü önündə İ.Mirzəyevi nalayiq sözlərlə təhqir edib. 

Xuliqanlıq hərəkətlərini davam etdirən Asif teleaparıcıya qarşı zor tətbiq edərək həmin bıçaqla onun boyun və boğaz hissəsini yaralayıb. Məhkəmədə İ.Mirzəyev bildirib ki, boynunda yaranan problemlərə görə, həkimlər ona insult təhlükəsi diaqnozu qoyub. Zərərçəkmişin sözlərinə görə, 7 aydır davam edən məhkəmə prosesinə görə müalicəyə gedə bilmir. İ.Mirzəyevin vəkilləri teleaparıcıya dəymiş maddi və mənəvi ziyanı sübut edən sənədi hakimə təqdim ediblər. Qarşı tərəfin vəkilləri isə sənədlərdə qeyd edilən söz və terminləri anlamadıqlarını bildirərək sənədi qəbul etməkdən imtina edib. Məhkəmə iclası davam etdiriləcək. 

Teleaparıcının vəkilləri olan məsələ ilə bağlı fikirlərini bildiriblər

Rəna Həsənli: “İlham Mirzəyev işdən çıxan zaman qohumu Əliyev Asif Oruc oğlu tərəfindən hücuma məruz qalıb. Küt alətlə İlham Mirzəyevə xəsarət yetirib. Hətta Asifin yanında iki nəfər də olub. Bu hərəkətindən öncə də o İlham bəyə xoşagəlməz sözlər işlədərək təhqir edib. İddiaçı tərəf dəfələrlə cəhd etsə də təqsirliəndirilən şəxs arasında barışıq baş tutmayıb. Buna görə də məhkəmə hələ də davam etdirilir”. 

Xanlar Bayramzadə: “İlham Mirzəyev 13.06.2013 tarixdə qohumu Əliyev Asif tərəfindən xəsarət yetirildiyi üçün Hüquq Mühafizə Orqanlarına müraciət edib. Hətta Asif İlham bəyi ölümlə də hədələyib. Buna görə də İlham Mirzəyev Yasamal Rayon Polis İdarəsinə müraciət edib və cinayət işi qaldırılıb. Yasamal Rayon Məhkəməsi isə Asif Əliyev barəsində həbs qəti-imkan tədbiri seçib. İstintaq aparılıb, barəsində Azərbaycan Respublikası CM-in 127.2,3 134 və 221.3-cü maddələri ilə cinayət işi aşılıb. Hazırda iş məhkəmə tərəfindən araşdırılır”.

OXŞAR XƏBƏRLƏR