Türkan Turan
Gecədən xeyli keçmiş, açarın səsi, divara zillənmiş gözümü nöqtəsindən ayırdı. Öncə üstünə hopmuş “Tom Ford White” qadın ətrinin qoxusu gəldi. Daha sonra barmaqlarının ucu ilə yataq otağına daxil oldu. Yatdığımı zənn edib, dərindən nəfəs aldı.
2011-ci ilin mart ayında evləndik. 1 il övlad sahibi olmasaq da, buna elə də çox əhəmiyyət vermədik. İkinci ildə bu şəkildə davam etdi, ta, 2013-cü ilin yanvar ayına qədər. Nə oldusa həmin vaxt oldu.
Bir gün ətirin qoxusu, bir gün üzərindəki saç teli, bir gün gizli mesajlar, bir gün gələn və rədd edilən zəng, bir gün dəyişən kod, bir gün iş bəhanəsi ilə evə gəlməmək, artıq işin işdən keçdiyinin xəbərçisi idi.
Ancaq sevgi gözümü elə bürümüşdü ki, xəyanəti nə ona, nə də öz qüruruma sığışdırmırdım. Ancaq acı gerçəyi bir gün onun iş yerinə gedərək öyrəndim. İclasda idi. Onu otağında gözlədim. Heç vaxt əşyalarını qarışdırmağı sevməmişəm. Amma bu dəfə istisna oldu. Pəncərədən dayanıb, şəhərə baxarkən birdən şüşəyə arxada kitabların yanına qoyulan, rəngli qutunun əksi düşdüyünü gördüm. Rənglərə xüsusi həssasiyyətim olmasa, bəlkə bu qutu diqqətimi cəlb etməzdi. Qutununu götürüb, aksesuarlarla bəzəkli qapağını ehmalca açdım. Gördüyüm mənzərə məni daha da həyəcanlandırdı. İçi rəngli və lentlə bağlanmış kağız parçaları ilə dolu idi. Hər birinin içində ayın tarixi, saatı və sevgi dolu mesaj var idi. Böyük ehtimal bu yoldaşımın sevgilisinə yazdığı mesajlar idi və sevgilisi də bunu jest olaraq hədiyyəyə çevirib. Bu düşüncəyə qapılarkən, bütün bədənim buza döndü. Qarnıma sancı doldu. Dizimin taqəti kəsildi. Bu cür halı 23 illik həyatımda ilk dəfə yaşayırdım. Şüursuz şəkildə ağlamağa başladım. Elə bu an qapı açıldı. Onun otağında olduğumu bilib, iclasdan yarımçıq çıxmışdı. Dilim tutulmuşdu, o isə nəsə izah etməyə çalışırdı. Qutunu yerə atdım, otağından çıxıb qaçmağa başladım. Lift birinci mərtəbədə idi, gözləməyə səbrim çatmadı, hər kəs mənə baxırdı. Pilləkənlərdən yıxıla-yıxıla düşürdüm. Arxamca surətli ayaq səslərinin gəldiyini eşidirdim. Küçəyə çıxdım. Dəli kimi qaçmağa başladım. Dönüb bir dəfə baxdım ki, o da arxamca gəlir. Üzündə sanki bir qadın üzərində zəfər qazanmış kimi ifadə var idi.
Birdən ayağım burxuldu və yerə yıxıldım. Bu an gəlib özünü yetirdi. Qolumdan tutub, yolun kənarında dayanmış taksiyə oturtdu. Evə yollandıq.
Sadəcə ağlayırdım, o isə dayanmadan inkar edirdi. Aldatmadığını deyirdi. Halbuki onu, nədəsə ittiham etmirdim. Çünki gerçəyi bilir və üsyanımı ağlayaraq çatdırırdım.
Elə hey nəsə etmək istəyirdim. İki gün sonra burxulmuş ayağımın ağrısına baxmayaraq, boşanmaq üçün vəkillə danışmağa getdim. Tərslikdən də vəkilin üz gözündən əxlaqsızlıq yağırdı. İnsanı az qalsın baxışı ilə zorlayırdı. İçimdə kimlərlə üz-üzə gəldiyim üçün onu lənətləyir və fəryad edirdim.
Evə qayıtdım. Ona aid hər şeyi axtarmağa başladım. Guya daha çox dəlillər tapacaq və ona olan sevgimi, mənə etdiyi xəyanəti daha çox sübut edəcəkdim. Amma ürəyimdə Tanrıya yalvarırdım ki, heç nə çıxarmasın qarşıma. Birdən əlimə bir kağız keçdi. Bu qadın mağazalarından birinə məxsus alış-veriş qəbzi idi.
Dəhşət içində idim. Kontrolumu itirmişdim. Qısqanclıqdan, sevgimdən, dərdimdən öləcəyimi fikirləşirdim. Qayçını əlimə götürüb, alt geyimlərini, köynəklərini, əlimə nə keçsə kəsməyə başladım. Bəzən qayçının gücü yetməyənləri, əlimlə parçalayırdım. Çünki bu geyimlərdə başqa qadınların izi var idi. Bu yolla qisas almaq istəyirdim. Sonunda taqətim kəsildi. Yerə çökdüm, dolabın güzgüsündə özümü, halımı gördüm hönkürməyə başladım. Həm də etdiklərimə görə özümdən xəcalət çəkirdim.
Qürurum 5 qəpiklik olmuşdu. Dimdik durmaq, göz yaşımı, ağrımı içimə atmaq əvəzinə mən özümü rəzil etməklə məşğul idim.
Utanırdım. Bütün baş verənlərə mən səbəbəm kimi, utanırdım. Heç kimə dərdimi deyə bilmirdim.
Bankda işləyirdim. Kifayət qədər sevilən, seçilən, hörmət edilən bir qadın idim. Amma aldadılmaq məni elə hala salmışdı ki, küçədə belə dizlərimi yerə qoyaraq ağlamaqdan çəkinmirdim. Özümü bu halda gördüyüm üçün özümdən nifrət edirdim.
Günlərcə otağın qara pərdələrini pəncərənin önünə çəkərək özümü qaranlıq otağa məhkum etdim. O isə məni özümlə baş-başa buraxmışdı. Düşünürdü ki, bu cür mən daha da sakit qalacam.
Kimsə dünya başıma yıxıldı deyəndə bunun sözdə olduğunu, böyütdüklərini düşünürdüm. Amma dünyanın başa yıxılmasını, yanmağın, qovrulmağın, dəhşətli ağrılar yaşamağın nə olduğunu bu günlərdə yaşadım.
Bir səhər gözümü açdım. Sevgimdən və sevgisizlikdən öləcəyimi zənn etdim. Şəfqəti, sevgini tapmaq üçün yenə ona doğru addım atdım. Bütün yaşadıqlarımdan sonra bu qədər qürursuzluğu, aşağılanmışlığı özümə necə yaraşdırırdım bilmirəm. Özümə heyrət edirdim.
Bankda işləməyimdə onun kifayət qədər rolu var idi. Karyera qurmaq üçün hər zaman mənə dəstək olmuşdu. Bir dəfə də olsun onun tərəfindən qısqanılmamışdım. Bəzən düşünürdüm ki, güvəndiyi üçündür. Amma hardan bilərdim ki, gözündə zərrə qədərdə dəyərim yoxdur!
Özümə “bir daha cəhd et, hər şey yaxşı olacaq” demişdim. Eyni zamanda axtarışda idim. Bir gün dənizkənarında yerləşən evə getdim. Əslində qışın günü orda bir işim yox idi. Amma içimdəki hiss məni rahat buraxmırdı.
Sonuncu dəfə bura 2 ay öncə gəlmişdik, bu 2 aya görə ev kifayət qədər isti idi. Ətraflı düşünməyə fürsət vermədim özümə, yataq otağına keçdim. Ona məxsus dolabı açdım, ofisində gördüyüm qutunun qırmızı rəngi və daha böyüyü burda idi. İçində bir neçə şəkil, kiçik rəngli məktublar, prezervativləri görəndə həyatımın növbəti şokunu yaşadım.
Mən onun gözünə gözəl görünmək üçün zövqlə geyinirdim. Dırnaqlarımı boyayırdım, əlimdən tutar deyə, dodağımı boyayırdım, bu gün məni sevgi ilə öpər deyə, ən gözəl qoxunu vururdum, bədənimə toxunar deyə. Mən sevgi filmləri, oradakı sevişmə səhnələrinə baxıb onu düşünərək iç çəkərkən, sən demə o hədiyyələrlə, güllərlə, sevgi məktubları ilə başqasının bədəninə toxunur, hətta bizə aid yataqda başqası ilə yatırmış. Halbuki onu hər an sevgi, ehtiras, şəfqətlə gözlədim.
Çılğın sevgili, ideal həyat yoldaşı, ona körpə vermək üçün ən ağır müalicələrə can atan bir qadın olmağa çalışdım. Kökəlməmək üçün aylarla ac gəzdim! Onun yanında qürurlanacağı, ona yaraşan qadın olmaq üçün dəridən qabıqdan çıxdım.
Hər şeyimlə onun yanında olub, ona dəstək olmağa çalışdım. Kaş mənə nə istədiyini deyərdi, bütün məsuliyyətim və sevgimlə deyirəm ki, istədiyi hər şeyi edərdim.
O məni qırmaqdan əl çəkmədi. Özünə dayan demədi. Çəkdiyim acını ciddiyə almadı.
Etdiklərindən sonra ürək xəstəsi oldum. Stressdən hər gün ürəyim bulanırdı. Qaytarırdım. Özümü o qədər boş buraxmışdım ki, hamilə olduğumu belə biləndə 3 ayı keçmişdi. Xəbəri alanda, dayanmadan ağlamışdım. Çünki körpəm üçün aylarla müalicə alırdım. İndi isə düşünmədən onu abort etdirmək fikrində idim. Ancaq həkimim buna mane oldu. Bildirdi ki, abort etdirmək üçün gecdir. Həm bu hamiləliyin mənim son şansım ola biləcəyini vurğuladı. Mənsə hələ də onun kimi bir insandan uşaq dünyaya gətirməyin, nə dərəcəd doğru olub-olmadığını düşünürdüm.
Bu gün Adanın 1 yaşı tamam olur. Qaranlığa bürünmüş dünyada, həyatıma işıq göndərən Tanrıya, bu hədiyyəsi üçün minnətdaram!!!