"Hər kəs bilir ki, o öz lideri Əbülfəz Elçibəyə xəyanət edib” - Deputat

"Hər kəs bilir ki, o öz lideri Əbülfəz Elçibəyə xəyanət edib” - Deputat
SİYASƏT
17:52 24.01.2019
14657
Əli Kərimlinin mitinq keçirib sonadək gedəcəyi haqda açıqlamasına Milli Məclisin deputatı Sahib Alıyev münasibət bildirib.

Deputat AZXEBER.COM-a açıqlamasında deyib ki, onun dediklərini ciddiyə almaq olmaz:
 
"Kərimlinin söylədiklərinin ciddilik dərəcəsi "Məndə atom bombası var, onu İrəvana atacam, sonra da gedib orada kabab çəkəcəm” deyən Məhsulda birgə mitinq etdiyi, kimliyini hamı bildiyindən adını deməyə ehtiyac duymadığım partiya sədrinin söylədiklərindən heç nə ilə fərqlənmir.
 
"Orasını da bilmirəm ki, "sonadək gedəcəm” deyəndə Əli Kərimli haranı nəzərdə tutur. Onun gedə biləcəyi yer hakimiyyətin göstərdiyi "Məhsul” stadionu, dönəcəyi yer isə evidir. İndiyə qədər bircə dəfə olmayıb ki, Əli Kərimli öz yanında olanlara, öz təbirincə desək arxasında dayananlara verdiyi sözü tutsun. Hər kəs bilir ki, o öz lideri Əbülfəz Elçibəyə xəyanət edib. Komandası və ya məsləkdaşı hesab olunanlara da o sıradan. Ona görə də indi həmən adamlardan heç biri ətrafında deyil. Bəzən deyir ki, onlar satıldılar. Belə çıxır bircə ondan başqa hamı satqındır?! Əlbəttə ki, yox".

"Əsl lideri ətrafındakılar atmır. Ola bilər bir-iki nəfər nəyəsə görə belə bir addım atar, daha Əli Kərimlidə olduğu kimi hamı, hətta tələbəlikdən bir yerdə olduqları belə yox” söyləyən millət vəkili qeyd edib ki, əsl liderlik sədaqətlilikdir:
 
"Əli Kərimlidə sədaqət olmadığından, ətrafındakılar onda bunu görmədiklərindən bir-bir atəb gediblər. Çünki o özü dəfələrlə onunla birgə yola çıxanları aldadıb, necə deyərlər onlara "atıb”. Millət vəkili bildirdi ki, buna çoxsaylı nümunələr göstərmək olar: "Mütəffiqləri parlamentə getməməklə bağlı qərar verəndə Əli Kərimli parlamentə gedib, Qarabağ mitinqinə gedəcəyi vədini verib, sonradan ABŞ səfirliyinin göstərişiylə vədinə xilaf çıxıb".

Real sədri İlqar Məmmədovun növbəti mitinqə qatılmayacaqlarıyla bağlı son açıqlamasına diqqət çəkən Sahib Alıyev qeyd etdi ki, o çox düzgün qərar verib:

"İlqar Məmmədov ona görə mitinqdə iştirakdan imtina etdi ki, onun imici Əli Kərimli qədər korlanmayıb və belə bir şəxsin ətrafında olmağın ona yaxşı heç nə vəd etmədiyini gec də olsa anladı. Biriki nəfəri çıxmaqla digərləri də oxşar addımlar atacaqlar. Kərimli bunu gözəl bilir. Onu da gözəl bilir ki, bu mitinqlər nəticəsiz olacaq. Sadəcə məqsədi daha çox diqqət çəkmək və bu yolla daha artıq qrant almaqdır”.

Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR