Azərbaycan Çimərlik Futbol Yığmasının heyət üzvləri Emin Kürdov və Elvin Quliyev "İRƏLİ" "Yeni Media Akademiya" layihəsinin iştirakçılarının qonağı olub.
Futbolçular ilk olaraq çimərlik futbolu haqqında məlumat veriblər: "Azərbaycan Çimərlik Futbol Federasiyası 2003-cü ildə yaradılıb. Bu futbol növünün öz çətinlikləri, böyük futbol kimi ciddi qaydalarıvar. Yaxşı məşq etmək olar,amma,əsas məsələ öyrəndiklərini qorxmadan meydanda tətbiq etmək və əsas məsuliyyətli olmaqdır".
Futboldakı uğurlarından bəhs edən qonaqlar Milli Komandanın Rusiyanın Sankt Peterburq şəhərində təşkil olunmuş Beynəlxalq Turnirdə qalib olduğunu bildiriblər. Məhz, bu turnirdə Emin Kürdov təşkilatçılar tərəfindən ən yaxşı qapıçı, həmçinin Emin Kürdov və Elvin Quliyev ilin ən yaxşı oyunçuları seçiliblər.
Eyni zamanda qeyd ediblər ki, Azərbaycanın çimərlik futbolu yığması Almaniyanın paytaxtı Berlində Azərbaycan Yunanıstanı 6:3 hesabı ilə məğlub edib və komandanın çıxış etdiyi "B" divizionunda 2-ci yeri tutub.
Futbolçular bildiriblər ki, digər xarici ölkələrin futbol klublarından onlara təkliflər olub, lakin onlar vətənpərvər olduqlarından Milli yığmada qalmaqlarını daha üstün tutublar.
İştirakçıların sualları ilə davam edən görüşdə futbolçular gənc jurnalislərə uğurlar arzu edib və əlavə ediblər ki, bu futbol növünün təbliğində,komandanın uğurlarının çatdırılmasında jurnalistlərin əməyi böyükdür.
Görüş xatirə şəklinin çəkilməsi və iştirakçıların futbolçulardan imza alması ilə yekunlaşıb.