Mənsur Piriyev: «Suda boğulma hadisələri əsasən qeyri-çimərlik sahələrində baş verir»
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) tərəfindən 2012-ci il çimərlik mövsümünə start verilib. Nazirliyə istinadən yayılan məlumata görə, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən çimərlikdə bununla bağlı tədbir keçirilib. Tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, nazirliyin əlaqədar qurumlarının nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin təmsilçiləri iştirak ediblər.
Qeyd olunub ki, FHN yaradılandan sonra bu günədək suda boğulan 2635 nəfər xilas edilib. Qeyri-çimərliklərdə boğularaq dünyasını dəyişmiş 487 nəfərin isə cəsədi çıxarılaraq təhvil verilib.
O da bildirilib ki, xilasetmə heyətinin peşəkarlığının artırılması üçün nazirlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. O cümlədən dalğıc-motorçu və sükançıların peşəkarlığının artırılması məqsədi ilə FHN Akademiyasında kurslar təşkil olunub.
DSXX-nin təbliğat-təşviqat sektorunun müdiri Mənsur Piriyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda xidmətin 42 məntəqəsi, dalğıc-axtarış qrupu və postu var, 400-dən artıq şəxsi heyət, 200-dən çox xilasetmə texnikası və avadanlığı xilasetmə əməliyyatlarında iştirak edəcək.
M.Piriyev qeyd edib ki, suda boğulma hadisələri əsasən, qeyri-çimərlik sahələrində, nəzarətsiz ərazilərdə baş verir. Ona görə də, sektor müdiri vətəndaşları bu cür ərazilərdə çimməməyə çağırıb.