Çin Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqun bərpasını və qarşılıqlı etimadın möhkəmləndirilməsini ardıcıl şəkildə dəstəkləyir.
Çin Xarici İşlər Nazirliyi xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Etimad sülhün təməlidir. Həm Ukrayna böhranının, həm də Yaxın Şərqdəki silahlı münaqişənin həlli üçün etimad lazımdır. Etimadı möhkəmləndirmək üçün isə dialoq tələb olunur", - deyə Çin diplomatiyasının rəhbəri vurğulayıb.
Van İnin sözlərinə görə, Çin məsuliyyətli dövlət kimi sülhün əldə olunması istiqamətində ardıcıl səylər göstərir.
O xatırladıb ki, ötən həftə Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində İsrail və Fələstin liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirib, həmçinin digər Yaxın Şərq dövlətlərinin nümayəndələri ilə danışıqlar aparıb. Bundan əlavə, nazir Balkan ölkələrinin rəhbərlərinin Rusiya-Ukrayna münaqişəsi və regiondakı vəziyyətlə bağlı fikirlərini dinləyib.
"Çin bütün tərəflərə aydın mesaj verib: qəti inamı qorumaq, əzmkarlıq nümayiş etdirmək, dialoq və məsləhətləşmələr aparmaq, qarşılıqlı anlaşma və güzəştə hazır olmaq, etimadı bərpa etmək və sülhü birgə qurmaq lazımdır", - deyə Van İ bildirib.
///report///











































