"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında işgüzar səfərdədir. Bu səfər çərçivəsində İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Plus formatında keçiriləcək zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətiylə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradlarda iştiraki nəzərdə tutulub".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib.
Naqif Həmzəyev bildirib ki, Çin liderinin İlham Əliyevə "mənim əziz dostum" deyərək müraciət etməsi liderlər arasında şəxsi dostluq münasibətlərin olduğunu göstərir:
"Xüsusilə qeyd etməliyik ki, Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün əla zəmin var və bu potensialın daha da artırılması üçün hər iki tərəfdən səylərin günü-gündən artırıldığına da biz şahidlik edirik". Məhz İlham Əliyev ilə Sin Çin Pin arasında baş tutan görüş zamanı Çin liderinin Azərbaycan Prezidentinə mənim əziz dostum deyərək müraciət etməsi də onu deməyə əsas verir ki, liderlər arasında da şəxsi dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin yüksək səviyyədə olması nəticə etibarilə ölkələrimiz və xalqlarımız arasında da yaxınlaşmanı şərtləndirməkdədir. Azərbaycan və Çin qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləmiş və bu gün də həm Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Çin də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı Azərbaycanın əldə etdiyi uğurları da yaxından izləyir. Azərbaycan-Ermənistan arasında münasibətlərdəki normallaşmanı da alqışlamaqdadır. Bundan savayı, hazırda orta dəhlizin inkişaf etdirilməsi və orta dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün də həm Çin, həm də Azərbaycan maraqları kəsişir".
Deputatın sözlərinə görə, Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib:
"Xüsusilə qeyd etməliyik ki, uzun illər Azərbaycan məhz öz ərazisində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və yükdaşmaların həcminin artırılması üçün meqa layihələrinin realaşdırılmasını həyata keçirə bilib. Bununla yanaşı, Zəngəzur dəhlizinin işə düşməsi layihəsini də Çin ilk gündən dəstəkləyib. Hazırda hər iki ölkə arasında sərbəst ticarət sazişi üzrə müzakirələr aparılır və bu sazişin əldə edilməsi ilə əlaqədər də tezliklə müsbət nəticələrinin olacağı gözlənilir. Azərbaycan əldə edilmiş razılıq əsasında Çin texnoloji yeniliklərinin çıxış imkanı əldə edib. Çin öz texnoloji yeniliklərinin Azərbaycanla bölüşməsi və Çində fəaliyyət göstərən böyük şirkətlər və korporasiyaların məhsullarının Azərbaycana çatdırılması və Azərbaycan şirkətləri ilə ortaq layihələrinin reallaşdırılması üçün də maraqlı tərəf kimi çıxış edir. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini günü-gündən gücləndirməsinə sevinən tərəfdir və Azərbaycan da məhz bu təşkilat çərçivəsində əlaqələrin gücləndirməsini istəyir və bu baxımdan da Azərbaycan lideri məhz Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil edilən tədbirlərə aktiv şəkildə qatılır".
Sonda millət vəkili qeyd edib ki, Prezidentin Çinə işgüzar səfəri hər iki ölkə arasında münasibətləri daha da irəli aparacaq:
"Biz inanırıq ki, cənab Prezidentin Çinə baş tutan bu işgüzar səfəri hər iki ölkə arasında münasibətləri daha da irəli aparacaq. Xüsusilə də qarşılıqlı viza rejiminin ləğv edilməsi yaxın illərdə Azərbaycan və Çinin qarşılıqlı turist səfərlərinin həcmini artıracaq. Nəticə etibarilə, biz bu turizm potensialının gürləndirilməsi ilə xalqlar arasındakı yaxınlaşmanı da daha sürətli baş tutacağını görə biləcəyik. İnanırıq ki, bu səfər çox uğurlu, çox məhsuldar və çox yaddaqalan olacaq. Səbirsizliklə bu səfərdə baş tutacaq digər görüşləri də gözləyirik və inanırıq ki, əldə edilmiş bütün sənədlər və aparılan müzakirələr öz məntiqi nəticəsini verəcək".
Mikayıl Mirzəzadə