İndoneziyada baş verən zəlzələdən 2 gün sonra uşaq dağıntılar altından çıxarılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İndoneziya FHN rəhbəri Suharyanto noyabrın 21-də ölkənin Qərbi Yava əyalətində baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb.
İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto 2043 nəfərin yaralandığını bildirib. Suharyanto bildirib ki, ölənlərdən 100-nün uşaq olduğu təsdiqlənib.
Sığınacaqlarda təxminən 62 min adamın qaldığını bildirən Suharyanto axtarış-xilasetmə qruplarına, polisə və könüllülərə dəstək olmaq üçün zəlzələnin baş verdiyi bölgəyə 12 min ordunun yerləşdirildiyini qeyd edib.
Suharyanto bildirib ki, zəlzələ nəticəsində Cianjurda 56 min 230-dan çox ev dağılıb, 31-i məktəb də daxil olmaqla 170-dən çox ictimai bina zərər görüb.
Qərbi Yava valisi Ridvan Kamil dünən mətbuata verdiyi açıqlamada həyatını itirənlərin əksəriyyətinin uşaqlar olduğunu bildirib.
Qeyd edək ki, İndoneziyanın Qərbi Yava əyalətindəki Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı məlum olub.
Ayşən