'İnsana birbaşa ölüm hökmünün verilməsi onun həbsdə çürüyərək ölməsindən daha humanist qərardır' - Fazil Mustafa

12:08 28.03.2013
1247

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Fazil Mustafa deyib. Millət vəkili Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin fikirlərinə münasibət bildirib:

“Təbii ki, Əli müəllim (Əli Hüseynli) bu məsələ ilə bağlı daha çox dövlət mövqeyindən çıxış edir. Mən isə vətəndaş mövqeyindən çıxış edirəm. Əslində, humanistlik nöqteyi-nəzərindən ömürlük həbs cəzası humanistliyə daha çox ziddir, nəinki ölüm hökmü. Çünki insanın illərlə çürüyərək əzabla ömrünü başa vurması ölüm hökmündən daha pisdir. Amma bütövlükdə ölüm və dəhşətli cinayət hallarının azalıb-azalmamasından əvvəl biz vətəndaşın qane olmasını düşünməliyik. Vətəndaşı - zərərçəkmişi qane edirmi verilən cəza? Ona görə də prinsipial yanaşma fərqimiz var. Əli bəy bu məsələdə daha çox cinayətin profilaktikası və onun cəmiyyətdə təsirinin azaldılması aspektindən çıxış edir və ömürlük həbs cəzasına üstünlük verir. Mənim yanaşma tərzim isə daha çox zərərçəkmiş vətəndaşın hüquqlarının qorunmasına yönəlib. Bu səbəbdən fərqli münasibətlərin olması normaldır və normal qarşılanmalıdır. Çünki bu məsələyə cəmiyyətdə birmənalı yanaşma yaratmaq mümkün deyil.”

Qeyd edək ki, millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl Azərbaycanda ölüm hökmünün yenidən qüvvəyə minməli olduğunu və bu haqda Milli Məclisdə iddia qaldıracağını bəyan etmişdi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bu iddianın humanizmdən uzaq olduğunu və eyni zamanda, Azərbaycanın nüfuzuna xələl gətirə biləcəyini açıqlamışdı.

Ceyhun

OXŞAR XƏBƏRLƏR