İnsanlar niyə bir-birləri ilə real ünsiyyət qura bilmir? - Problemin kökü bunda imiş...

İnsanlar niyə bir-birləri ilə real ünsiyyət qura bilmir? - Problemin kökü bunda imiş...
MARAQLI
16:42 28.08.2026
138
Bəzi insanlar dostları və tanışları ilə rahat ünsiyyət qursalar da, yeni mühitə düşdükdə, tanımadıqları insanlarla qarşılaşdıqda və ya hər hansı tədbirə tək getdikdə danışmağa başlamaqda çətinlik çəkirlər.

Xüsusilə kafedə, tədbirdə, kursda, iş görüşündə və ya yeni kollektivdə ilk addımı atmaq bir çox insan üçün narahatlıq yarada bilər. İnsan nə deyəcəyini düşünür, qarşı tərəfin reaksiyasından çəkinir və nəticədə söhbətə başlamaq əvəzinə susmağa üstünlük verir.

AZXEBER.COM xəbər verir ki, sosial ünsiyyətdə çətinlik müxtəlif səbəblərlə bağlı ola bilər. Özünəinamın aşağı olması, əvvəlki mənfi sosial təcrübələr, tənqid olunmaq qorxusu və həddindən artıq düşünmək insanın yeni insanlarla ünsiyyət qurmasını çətinləşdirə bilər.

Bəzən problem insanın danışmaq istəməməsində deyil, "görəsən, mənim haqqımda nə düşünəcək?” düşüncəsində olur. İnsan söhbətə başlamazdan əvvəl deyəcəyi cümləni dəfələrlə beynində qurur, qarşı tərəfin mümkün reaksiyasını düşünür və nəticədə ən sadə salamlaşmanı belə çətinləşdirir.

Mütəxəssislərin fikrincə, sosiallaşma bacarığı doğuşdan dəyişməz xüsusiyyət deyil. İnsan müxtəlif sosial vəziyyətlərdə özünü sınadıqca və kiçik addımlarla ünsiyyət qurduqca bu bacarığı inkişaf etdirə bilər.

Bəs yeni mühitdə söhbətə necə başlamaq olar?

İlk addım üçün mürəkkəb və ya maraqlı mövzu tapmağa ehtiyac yoxdur. "Salam, siz də bu tədbirə ilk dəfə gəlmisiniz?”, "Bu kursa nə vaxtdan gəlirsiniz?” və ya "Burada əvvəllər olmusunuz?” kimi sadə suallar söhbətə başlamaq üçün kifayət edə bilər.

Digər mühüm məqam isə qarşı tərəfin reaksiyasını əvvəlcədən təxmin etməməkdir. İnsanların susmasını, qısa cavab verməsini və ya söhbəti davam etdirməməsini dərhal özünə qarşı münasibət kimi qəbul etmək düzgün deyil. Qarşı tərəf də yorğun, utancaq və ya həmin anda danışmağa həvəsiz ola bilər.

Sosiallaşmaqda çətinlik çəkən insanların yol verdiyi əsas səhvlərdən biri isə özlərini digər insanlarla müqayisə etməkdir. Ətrafda rahat danışan birini görüb "mən niyə belə deyiləm?” düşünmək vəziyyəti daha da çətinləşdirə bilər.

Bu səbəbdən sosiallaşmanı böyük hədəfdən deyil, kiçik addımlardan başlamaq tövsiyə olunur. Məsələn, yeni məkanda bir nəfərlə salamlaşmaq, qısa sual vermək, söhbət zamanı bir fikir bildirmək və tanışlığa davam etmək zamanla daha rahat ünsiyyət qurmağa kömək edə bilər.

Söhbət zamanı yalnız danışmağa deyil, qarşı tərəfi dinləməyə də diqqət etmək vacibdir. İnsan özünün necə göründüyünü düşünmək əvəzinə qarşı tərəfin dediklərinə fokuslandıqda sosial gərginlik müəyyən qədər azala bilər.

Mütəxəssislər həmçinin insanın özünü məcbur etmədən, lakin davamlı şəkildə sosial mühitlərə daxil olmasını vacib hesab edirlər. Yeni kursa yazılmaq, tədbirlərdə iştirak etmək, qrup fəaliyyətlərinə qoşulmaq və müxtəlif insanlarla qısa söhbətlər etmək ünsiyyət bacarığının inkişafına kömək edə bilər.

Əgər sosiallaşmaq qorxusu insanın təhsilinə, işinə, gündəlik həyatına və münasibətlərinə ciddi şəkildə mane olursa və insan davamlı olaraq sosial vəziyyətlərdən qaçmağa başlayırsa, bu zaman psixoloqla danışmaq faydalı ola bilər.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR