Son vaxtlar ölkədə çoxsaylı qətl hadisələrinə rast gəlinir. Bu cür hadisələr günlərdir ki, ölkə gündəmində müzakirələrə çevrilib. Bu hadisələrin subyektlərinin ortayaşlı, gənclər olması da daha çox diqqət cəlb edir.
26 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan "Şağan olimpiya komleksi" MMC-nin inzibati binasının bir nömrəli zalında keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Səfixanov Ruslan Elçin oğlu 2006-cı il təvəllüdlü Rüstəmov Turan Zəka oğlunu bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum etməsi, Noyabrın 29-u saat 20 radələrində Buzovna qəsəbəsində bir ailədən 3 nəfərin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli cinayət hadisəsi, dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilməsi sadəcə son günlərin hadisələridir.
Bəs bu cür hadislərdə kim günahkardır, şəxs, ailə, yoxsa cəmiyyət?
Milli Məclisin deputatı Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında məsələnin müxtəlif tərəflərindən danışıb.
O, qeyd edib ki, bu problem təkcə Azərbaycanın və ya post-Sovet məkanının problemi deyil: "Bu, ümumibəşəri problemdir. Bunun da bir neçə kökü var. Ümumiyyətlə, bazar iqtisadiyyatı olan ölkələrdə insanlar hamısı yüz faiz özünü həyatda tapa bilmir, o, uğurlu olmur. Bununla bağl faktlar var, ABŞ-də, Avropada, Asiyada və bir çox ölkələrdə. İnternetdə kifayət qədər xəbərlər var. Baxın görün Amerikaka Birləşmiş Ştatlarında və ya Avropada son üç-dörd ayda neçə dəfə insanlar qətlə yetirilib, tələfat olub. Odlu silahdan istifadə edilib”.
Deputat qeyd edib ki, bu problem ictimai münasibətlərdən və ailədən də qaynaqlanır:
"Bunun bir kökü ictimai münasibətlərə gedir. İctimai münasibətlər də iqtisadi münasibətlərlə əsaslanır. İkincisi də, burada ailə problemləri olur, valideynlər gənclərə düzgün formada, arxayn həyat qura bilmirlər. Onlar özləri həyatla üz-üzə qalır. Hamı bilir ki, təstiq olunmuş faktdır ki, bazar iqtisadiyyatı vəhşi bir iqtisadiyyatdır. O mənada vəhşi ki, bunun kökündə o durur ki, insan indivindual qaydada öz özərində çalışmalıdır. İstənilən ölkə, cəmiyyət çalışır ki, şərait yaratsın. O cümlədən bizdə də bu şəraitlər var, konstitusiyon hüquqlar var. Oxumaq üçün, ali məktəbə girmək üçün, özünə həyatda yer və yol tapmaq üçün”.
R.Quliyev sonda bildirib edib ki, bu cür halları azaltmaq üçün dövlət də lazımi tədbirləri görür:
"Bunlara birmənalı cavab vermək çətindir, bu, çox vektorlu bir problemdir, amma onu qeyd eləmək istəyirəm ki, istənilən ölkədə, inkişaf etmiş ölkələri nəzərdə tuturam, o cümlədən Azərbaycanın özündə də dövlət kifayət qədər vaxt və əmək sərf edir. Qanunvericilik tərəfdən Azərbaycanda insanlara tam olaraq onları konstitusiyon hüquqları qeyd olunub”.
Aydın Nuri