“”İnstagram”da xəbər səhifələri əsassız olaraq bağlanır” - Çıxış yolu nədir?

“”İnstagram”da xəbər səhifələri əsassız olaraq bağlanır” - Çıxış yolu nədir?
SOSİAL
13:57 22.12.2025
183
"Son dövrlərdə "Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən xəbər səhifələrinin kütləvi şəkildə bağlanması halları ciddi narahatlıq doğurur. Müşahidələr onu göstərir ki, bu proses təsadüfi xarakter daşımır və müəyyən qrup kiberdələduz tərəfindən sistemli şəkildə həyata keçirilir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib. 

O deyib ki, bu kimi hallar qeyri-qanuni təsir mexanizminə və gəlir mənbəyinə çevrilir:


"Belə qruplaşma koordinasiyalı formada səhifələrə kütləvi şikayətlər göndərməklə onların fəaliyyətinin dayandırılmasına nail olur. Nəticədə sosial şəbəkə platforması qeyri-qanuni təsir mexanizminə və gəlir mənbəyinə çevrilir. Bu cür hallar "instagram”da xəbər istehsalı ilə məşğul olan media subyektlərinin söz və mətbuat azadlığına, həmçinin ictimai əhəmiyyət kəsb edən məlumatların yayımına ciddi zərbə vurur. Xüsusilə həkimlər, müğənnilər və digər ictimai şəxslər haqqında yayımlanan tənqidi məzmunlar məqsədli şəkildə şikayət olunaraq silinir, xəbər səhifələrinin fəaliyyəti məhdudlaşdırılır”.

O vurğulayıb ki, xəbər səhifələrinə saxta hesablardan şikayətlər gəlir: 

"Xəbər səhifələrinə qarşı saxta maillərdən və adlardan müəllif hüquqları (copyright) şikayətləri göndərilir, nəticədə qanuni əsaslar olmadan paylaşımlar silinir və səhifələrin fəaliyyəti məhdudlaşdırılır. Bu hallar açıq şəkildə sui-istifadə xarakteri daşıyır və informasiya təhlükəsizliyinə ciddi zərər vurur. Eyni zamanda hesab edirik ki, "Instagram” və onun aid olduğu "META” ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında institusional əlaqələr gücləndirilməlidir. Sosial şəbəkə ilə birbaşa və effektiv kommunikasiya mexanizmlərinin qurulması, xüsusilə xəbər səhifələrinə qarşı həyata keçirilən əsassız və kütləvi bağlanmaların qarşısının alınması baxımından bu mühüm əhəmiyyət daşıyır”.

"Müvafiq dövlət qurumları tərəfindən bu təşkilatlanmış kiberdələduz şəbəkəsinin fəaliyyətinə hüquqi qiymət verilməsi də zəruridir. Yalnız bu halda baş verənlərin arxasında dayanan mexanizmlər və maraqlı tərəflər tam şəkildə üzə çıxarıla bilər”,-deyə H.Heydərli qeyd edib.
OXŞAR XƏBƏRLƏR