Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubunun rəsmiləri - Baş katib və təşkilatı işlər üzrə direktor Umberto Marino, eləcə də səyahət departamentinin rəhbəri Serxio Villalobos Bakıya gəlib.
ANS PRESS-in "Neftçi" futbol klubuna istinadən verdiyi məlumata görə, italiyalı nümayəndələr qarşılaşmanın keçiriləcəyi T.Bəhramov adına respublika stadionuna baxış keçiriblər. Qonaqlara stadionda aparılmış yenidənqurma işləri ilə bağlı məlumat verilib.
"İnter" klubunun baş katibi və təşkilatı işlər üzrə direktoru Umberto Marino açıqlamasında T.Bəhramov adına respublika stadionda gördüklərindən yaxşı mənada təəccübləndiyini gizlətməyib: "Burada gördüyümüz şərait təəsüratlarımızı yaxşı mənada dəyişdi. Səmimi deyirəm ki, belə təsəvvür etmirdik. Stadionun ot örtüyü, paltardəyişmə və digər inzibati otaqlar, media mərkəzi yüksək tələblərə cavab verir. Deyərdim ki, Neftçi Avroliqada ev oyunlarını fantastik arenada keçirəcək. Əminliklə söyləyə bilərəm ki, "İnter" burada problemlə üzləşməyəcək"
Xatırladaq ki, "Neftçi"-"İnter" matçı oktyabrın 4-ü T.Bəhramov adına respublika stadionuna keçiriləcək.