“İnternet provayderləri tariflərə yenidən nəzər sala bilərlər” - Deputat

“İnternet provayderləri tariflərə yenidən nəzər sala bilərlər” - Deputat
SOSİAL
15:06 25.03.2020
3017
Yeni "Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının  alınması üçün dövlətimiz gərəkən bütün addımları atır.

Verilən  qərarla məktəblər və bir sıra iş yerlərində xidmət dayandırılıb. 

Koronavirusla bağlı ölkədə karantin rejimi elan olunduğundan internet xidmətlərinə tələb artıb, insanlar hər dəqiqə internetə girib son məlumatları əldə edirlər.  Məktəblərdə dərslər dayandırıldığına görə də, şagirdlər və tələbələr  təhsil xidmətlərini internet üzərindən almağa çalışırlar. Evlərdə, təhsil alanların əllərində olan smartfonlarda internet trafikinə ehtiyac artıb. İndi şagirdlər, evdəkilər daha çox vəsait xərcləməyə məcburdurlar.
Əslində, internet vasitəsilə dərslərin keçirilməsi müsbət haldır. Amma ortaya bir sual çıxır:  hamının interneti varmı? İnternetin çəkilməsi və qiyməti baha olduğundan bəzi ailələr limitli internet paketlərdən faydalanırlar. Bu isə internet vasitəsilə dərslərin keçirilməsində müəyyən çətinliklər yaradır. 

Bu səbəbdən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində müəyyən güzəştlər olunmasını təklif edib.

O AZXEBER.COM-a açıqlamasında deyib:  "Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri  bir müddətdir fəaliyyətini dayandırıb. Bir sıra müəssisələr dərsləri müxtəlif metodlardan istifadə edərək internet vasitəsilə təşkil edirlər. Bu səbəblərdən internetə tələbat daha da artıb. Nəzərə alaq ki, bəzən bir evdə bir neçə şagird və ya tələbə olur və hər ailənin də bu ehtiyacı ödəmək üçün həmişə imkanı olmur. Amma bu sahə özəl olduğundan dövlətin müdaxilə imkanları məhduddur. Hesab edirəm ki, internet provoyderləri məsələnin aktuallığını və yaranmış zərurəti nəzərə alaraq, tariflərə yenidən nəzər sala və  müəyyən kampaniyalar təşkil edə bilərlər. Söhbət müəyyən dövrdən gedir. Təhsil və təlim prosesinin dayanmaması və davamlı olması üçün hamımız bütün imkanlarımızı səfərbər etməliyik”.
OXŞAR XƏBƏRLƏR