İqtisadi İnkişaf Nazirliyi 'Unibank'ın saxtakarlığını üzə çıxardı - RƏSMİ

İQTİSADİYYAT
16:33 19.06.2013
7054

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zamanı “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bukletdə vəwww.unibank.azsaytında “Albalıkart çox-çox sərfəli kart!, Hissə-hissə ödə, faizsiz ödə, bonuslar qazan” məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, aparılmış araşdırmalar zamanı “Unibank Kommersiya Bankı” ASC ilə müqavilə bağlamış bəzi üzv ticarət obyektləri tərəfindən istehlakçılara “Albalıkart” kredit kartı vasitəsilə mallar satıldıqda, malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə olunduğu və bonusların verilmədiyi müəyyənləşib.

Qeyd olunan hallarda qanunsuz reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə səbəbolma əlamətləri olduğu müəyyən edilib. Bununla əlaqədar “Unibank Kommersiya Bankı” ASC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara kreditlə faizsiz alış-veriş edilməsi barədə reklamlarda diqqətli olmağı, bu xidmətləri təklif edən təsərrüfat subyektlərinin xidmət şərtləri ilə daha yaxından tanış olmağı tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR