İyulun 11-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə ilk olaraq vurğulayıb ki, İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.
Qüdrətli dövlət və yüksək rifah naminə sürətli, dinamik inkişafının prioritetlərinin müəyyənləşdirildiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də nəzərdə tutulan perspektivlər reallaşdırılır. Cənubi Qafqazın lider dövləti, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın ümumi inkişaf arxitekturası adlandırılan Milli Prioritetlərin hədəfi ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxşılaşdırmaqdır. Qlobal dünya iqtisadiyyatının tərkib hissəsi olan milli iqtisadiyyatımızın şaxələndirmə prinsipinə uyğun inkişafının əsas məqsədi bu tərəqqidən bütün ölkə vətəndaşlarının bəhrələnməsini təmin etməkdir. Nəticə etibarilə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl texnologiyalar”ın tətbiqinə diqqətin artırılmasıdır.
Regionda baş verən hadisələr, Azərbaycanın aktiv nəqliyyat siyasəti, müasir infrastruktur layihələrinin icrası Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinə imkan yaradıb. Hər il bu dəhlizlərdən keçən yüklərin həcmi artmaqdadır.
Lakin iqtisadi siyasətin hədəfi təkcə yüklərin ölkəmiz ərazisindən keçməsi deyil, həm də biznesin bu imkanlardan daha çox yararlanmasını təmin etməkdir.
Bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Məhz nəqliyyat imkanlarının istehsal və xidmət sahələrinə transformasiya olunması, bu unikal şansdan biznesin yararlanması ölkə iqtisadiyyatına daha çox fayda verə bilər.
İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən özü tanış olur.
Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.
Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar.
Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi "Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi müşahidə etdiyimiz genişmiqyaslı bərpa-quruculuq işləri ilə bir daha təsdiqini tapır.
Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri, ən qısa zamanda görülən işlər belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qaynayacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Dövlət başçımızın dediyi kimi: "Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir”.
Naftalan şəhər sakini Tamara Həsənova