İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edib

İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edib
Bütün Xəbərlər
15:03 21.02.2014
705
Fevralın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qobustanda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa cəlb edilməsi, yerli istehsal məhsullarının ixracının dəstəklənməsi, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Vətəndaş müraciətləri diqqətlə dinlənilmiş, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn sahibkarlarla müzakirələr aparılmış, müasir heyvandarlıq komplekslərinin, iri taxılçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, istixanaların, yerli xammala əsaslanan sənaye müəssisəsinin yaradılması, çörək və şirniyyat, damazlıq yumurta, tikinti materialları istehsalı və s. sahələrlə bağlı təklifləri dinlənilmiş, investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Qəbulda 70 vətəndaş iştirak etmişdir.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.
Qeyd edək ki, Qobustanda keçirilmiş qəbulla bağlı vətəndaşların məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilmiş, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Bundan başqa, Nazirliyin saytında və facebook səhifəsində vətəndaşların qəbula yazılması üçün "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi yaradılmışdır.
OXŞAR XƏBƏRLƏR