İradə Cəlil: "Sevgidən, azad seksdən yazıb hissiyyatlı, duyğulu olduğunu göstərirlər" - MÜSAHİBƏ + FOTOLAR

İradə Cəlil: "Sevgidən, azad seksdən yazıb hissiyyatlı, duyğulu olduğunu göstərirlər" - MÜSAHİBƏ + FOTOLAR
16:10 19.02.2014
12627

Bu gün sizə təqdim edəcəyim müsahibim bir çoxlarının tanıdığı jurnalist, köşə yazarı İradə Cəlildır. Düzü bu xanımı çoxdan tanısam da müsahibə zamanı onu bir daha kəşf etdim. İradə xanımla şəxsi həyatından, sevgidən, sosial şəbəkələrdən, jurnalistikadan ... Bir sözlə, hər şeydən danışdıq. Müsahibəni təqdim edirik:

-İradə Cəlil onu tanımayanlara özünü necə təqdim edir?

- 1982-ci ildə anadan olmuşam.İxtisasca iqtisadçıyam. 1999-cu ildən, orta məktəbi bitirəndən jurnalistikadayam. Müəyyən dövrlərdə müxtəlif qəzetlərdə çalışmışam. 2001-ci ildən Ekspres qəzetinin sosial sahədə yazarıyam. Bununla yanaşı müxtəlif saytlara milli.az, modern.az, moderator.az, ailem.az, azvision.az saytlarına yazmışam. Reportyor.com saytının redaktoruyam eyni zamanda.

- Jurnalist kimi yetərincə tanına bilmisənmi?

-Yox tanına bilməmişəm, əvvəllər tanınmaq barədə düşünmürdüm, 2004-cü ildə ailə həyatı qurandan sonra 2010-cu ilə kimi işimdən ayrı düşdüm. 2010-cu ildən yenidən jurnalistikaya qayıtdım, amma toparlanmaq asan olmadı. Şükür olsun az çox oxucumuz var, amma tanınıram demək böyük danışmaqdır ki, böyük danışmağı sevmirəm.

- O zamanları yada salsaq jurnalistikaya ilk addımlarını atanda yaxın çevrədə bir o qədər də xoş qarşılanmamışdın. O illeri necə xatırlayırsan?

-Hə, bu mənim yaralı yerimdi... Sən də yaxşı bilirsən ki, mən Bakının Zabrat qəsəbəsindənəm. Bizim qəsəbə yenilikləri, inkişafı qəbul etməyən qəsəbələrdəndir. Həm də nə kəramətdirsə, bizim qəsəbədə jurnalistika sənətinə yüngül sənət kimi baxırdılar. 1999 cu il idi, mənə də yaxşı baxmırdılar. Həm dediyim kimi mən məktəbi bitirən kimi bu işə başlamışdım, bunu çox adam həzm edə bilmirdi. Yəni təhsil olmadan mən artıq yazırdım...Bizim qəsəbədə imkanlı ailələrin uşaqları var idi ki, onların jurnalistikada olması çox da elə “təntənəli” qarşılanmırdı. Elə düşünrdülər ki, yazmaq üçün pul verməlisən, jurnalist olmaq üçün arxanda dayağin olmalıdır. Mənim isə kimsəm yox idi. Sadəcə qəzetlərin birində olan daim oxuduğum redaktor Emil Tahiroğlu var idi. O mənə yardım əlini uzatdı, yazmağıma kömək etdi, əlimdən tutdu, müəllimlik etdi, başa saldı. Yeri gələndə o ki var danladı. O qədər yazılarımı üstümə qaytarıb ki, yenidən işlə deyə...Ona borcluyam mənən.... Çox çətinliklərim var idi, həmin illərdə, təhsil almaq idi arzum, jurnalistikanı bitirmək. Ən böyük arzum isə yaşadığım o kənddən bir dəfəlik uzaqlaşmaq idi. Bütün deyilənlərə ramən yaxınlarım da az deyildi. Bu gün də o insanlarla müəyyən çərçivədə münasibətlərim var....Mənə düzlüyümə, təmizliyimə inanan insanlar hər zaman həyatımdadı...O ki qaldı jurnalistə əxlaqsız kimi baxanlara onların da aqibətini addım addım gördük. İlahi ədalət var, və gec tez yerini alır

-Elə özün də qeyd etdiyin kimi bir ara sənətini ailənə qurban verdin?Bu seçiminə dəydimi?

-Bəlkə ailədə xoşbəxt olmadım, bəlkə sevdiyim işimdən 5-6 il uzaq düşdüm, bəlkə sevilmədim, bəlkə dəyərli qadın hesab edilmədim, amma dəydi...Çünki həmin illərin ağrı-acısı içərisində iki oğul övladı qazandım. Keçmişə və bu günümə baxanda şükür edirəm Alahıma iki övladım var...Uğrunda yaşaya biləcəyim..Elə insanlar var övlad üzünə həsrətdi mən 6 ili qurban vermişəm onları qazanmağa...dəydi

-Maşallah özün də dediyin kimi iki gözəl oğul balan var..Çətin deyilmi onları tək böyütmək?

- Müəyyən bir dövrdə çox çətin idi...Təkbaşına iki uşağı saxlamağı heç kişi bacarmır, qaldı ki, qadın. Yadıma gəlir, işdən gələndə balaca qabağıma qaçırdı, danışa bilmirdi, əli ilə ağzını işarə edirdi ki, acam...Kirayədə qaldığım illəri, dəyişdiyim kirayələri unutmaq olmur. Amma Allah yol açır insana, çıxarır çətinlikdən.. Allah istədiyi bəndəsinə ruzisini verir. Əvvəlcə həmkar dostlarım çox kömək edirdi. Gecə saat 2-3 ə kimi komputer qarşısında oturub yazırdım. Zamanla hər şey yerini alırdı. Mən demirəm belə bacarıqlıyam, savadlıyam, dahiyəm, məndən yoxdur...Mən sadəcə dürüstəm hamıya qarşı, oxucuya qarşı. Mən pul xatirinə yazmırdım sevə-sevə yazırdım. Amma köşə yazmağa azvision saytı ilə başladım... Vüsal Məmmədov yaxşı dost idi...Onunla danışdıq razılaşdıq və yazmağa başladım. Düzünü deyim bəlkə də imzanın az-çox tanınmasında Vüsalın böyük rolu var. O deyirdi yaz, bacaracaqsan, yazacaqsan...Sonra hər şey yerini aldı.

-Bu gün xoşbəxt olmaq üçün nəyin çatmir?

-Xoşbəxtlik nisbi anlamdır. Heç kim tam xoşbəxt deyil. Bütün insalara fikir vermişəm, hamıda hər şey yarımdı, birinin ailəsi evi eşiyi var sevgisi yoxdur...Birinin pulu malı dövləti var, insanlığı yoxdur, birinin sevgisi var imkanı yoxdur...Bütün insanlar yarımdır bir yerdən...Məndə də çatmayan və ömür boyu çatmayacaq şeylər var....Amma şükr etmək lazımdır.Allah şükür edən insanları sevir....Mənim də xoşbəxt anlarım olur və o anlar çox dəyərlidir...Nə bilim bəlkə elə xoşbəxtlik budur...Əsası odur daha heç nə axtarmıram.

-Keçmişdən gözlədiyin amma heç vaxt gəlməyəcəyini bildiyin qonağın varmı?

- Mən keçmişi silmişəm, 2011-ci ildən bu yana yaşadıqlarım var ağlımda...Bacardıqca xatırladıqca silirəm yaddaşdan, yaşanmamış kimi....Deyirlər keçmişi unudub, sabahı düşünmədən bu günlə yaşayan insanlar daha xoşbəxt olur. Mən çalışıram ki, bu prinsipə əməl edim. Artıq bu günlə yaşayıram. Qismətimdə yazanım nə yazıbsa, onu da yaşayacağam.

Ramiz Rövşənin misralari yadima düşdü. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik xəbərimiz yox .Bəlkə elə mən də xoşbəxtəm, bəlkə elə xoşbəxtlik budur....

-Her halda ilk sevgi anlami var ki unudulmur deyirlər..Sənin ilk sevgindən danışmağını istərdim…

- İlk sevgimdən danışmaq istəmirəm çünki həyatda yoxdur.

Məncə sevginin ilki sonu olmur. İnsan bütün həyatı boyu sevir, sevdiyini düşünür. Ya da özünü aldadır guya ki, sevir. Deyirlər ki, o sevgilər ömür boyu unudulmur ki, onlar qovuşmasın....Bu fikri də qəbul etmirəm o sevgi deyil sadəcə istəkdir qovuşmaq istəyi.

İnsanları bu gün bağlayan sevginin nə olduğunu soruşsan əgər, məncə sevgi yataqdan başlayır, yataqda da bitir. Bədənlərin bir birinə uyğunlaşması insanları bir birinə bağlayır...Bəzən olur ki, illər boyu iki gənc bir birinin arxasınca qaçır, amma yataq hər şeyi həll edir...İllər boyu bir-birinə qovuşmağa can atan insanlar olur ki, qovuşduqdan sonra bir birindən qaçırlar...

-Özünə qapandığında nələrin hesabatını verirsən özünə?

- Özümə qapandığımda ağlayıram, həmin anlarda heç kim məni sakitləşdirə bilməz. Hər qadının olur öz gələcəyi ilə bağlı arzuları olur. Bu arzular yeniyetməlik dövründən doğur. Xəyallar qurursan o xəyalları həyata keçirməyə can atırsan, bacarmayanda özünü aciz hesab edirsən... Düzünü desəm peşmançılıqlarım yoxdur həyatda..Hər səhvdən bir dərs almışam. Hər şərdən bir xeyir qazanmışam. Bəzən çox xoş düşüncəli olduğum üçün özümü qınayıram, kaş ki mən də bəzi qadınlar kimi ola biləydim, bəlkə onda daha xoşbəxt ola bilərdim. Kaş bu qədər dürüst olmayaydım, kaş mən də hər xırdalıqdan xoşbəxt ola biləydim, kaş bəzilər kimi arsız ola biləydim. Kaş ki, dediklərim çoxdur.

-Səncə yaşadığı mühüt insana təsir edə bilirmi?

-Əlbəttə ki, edir, bezdirir, həyatından bezdirir...Bəzən də hirs verir irəli getməyə...Məni əvvəlcə bezdirdilər, sonra da hirs verdilər ki, sən bizi geridə qoymalısan.

-Küsülü qaldığın insanlar varmı ki, hələ də bağışlaya bilmirsən onları?

-Yox mənim qəbul etmədiyim tərəflərdən də biri elə budur...Bağışlayanam, unudanam, kin saxlaya bilmirəm. Kaş bacaraydım

-Səni tanıdığım qədəriylə inancli insansan.Hətta Qurani-Kərimi ərəbcə də oxumağı bacarırsan.Nə zamansa Hicaba örtülməyi düşünürsənmi?

-Hə Quranı ərəbcə 7-ci sinifdə bitirmişəm. O zamanlar kənddə hamı Quran kurslarına gedirdi. Mən də hardasa 7-8 dəfə Quranı bütün oxumuşam. Amma qapanmağı düşünmürəm. Bəzən deyirlər ki, hicab qadının yaraşığıdır, dinin yarısıdr, inanc, təmizlik mənbəyidi və ilaxir...Mən Allaha inanıram, qapansam da, qapanmasam da o mənim içimdədi, o məni sevir qoruyur. Gözlərimi yumanda varlığını hiss edirəm, onunla danışa bilirəm. Bu mənə bəsdir.

-Sosial şəbəkədə yetərincə dostlarla əhatəlisən..Bəs həyatda necə çətin anlarında qapısını döyəcəyin dostların varmı?

-Mənə dost deyənlər çoxdur, məni dost hesab edənlər, çətin anlarında məni axtaranlar da yetərincədir. Amma mənim bir dostum var, bilirəm ki gecə də gündüz də, gec də olsa onu axtarsam, çətinliyim olsa yanımda olacaq. Söz verib ömür boyu yanımda olacağına. Hərçənd mən onun çətinliklərində heç nə edə bilmirəm, amma o mənim dayağımdı.

-Bəs qələm əhlindən necə güvəndiyin insanlar varmı?

-Var redaktor dostlarım var, həmkarlarım var ki, burdan işlə bağlı yardım edirlər. İnsanın xasiyyətindən çox şey asılıdır, mən dost olmağı bacaranam, sirr saxlamağı, hansısa işə yaramağı, kömək etməyi... Bu səbəbdən də bütün həmkarlarımla münasibətim yaxşıdır.

-Səni dinlədikcə dostlardan korluq çəkmədiyin hiss olunur. Bəs sevgidən necə? Sevilirmi Iradə?

-Sevildiyini heç kəs bilmir, ən dəli kimi sevən insanın ürəyində belə hər zaman bir şübhə olur. İnsan özünə əmin ola bilir ki, mən sevirəm, sevməyi bacarıram, qarşımdakı insan düzü ilə yalanı ilə sevirəm. Heç kim əmin deyil sevildiyinə. Mən də əmin deyiləm, bəlkə də sevilirəm

-Yəni sevildiyini heçmi hiss etmirsən?

-Bəzən hiss edirsən, amma bəzən. İnsan hər zaman hər şeyin çoxunu istəyir, başqalarını bilmirəm, amma mən hər zaman sevgini daha çox istəmişəm, istəmişəm sevildiyimi hiss edim dəli kimi.

-Görürəm bu mövzuda çoxda danışmaq istəmirsən..Olsun...Elə bu günlərdə yeni məqalən çıxdı."GÖZƏL QUŞLARIN QANADLARINI QIRAQ" kimdir o gözəl QUŞlar?

-Gözəl quşlar .....bu barədə yazıda da qeyd etmişəm, düzdür mənim ixtisasım deyil jurnalistika, amma bir oxucu kimi bəzi yazarların yazılarına baxanda, davranışlarına, danışıq dilinə baxanda, jurnalistərə qarşı insanların davranışlarına baxanda susmaq mümkün olmur. Bu gün ata anasından bezən, ərindən boşanan, sevgidə yarımayan, kənddən qaçan gəlir jurnalistikaya, ədəbiyyata... Bəzi qəzetlər var ki, onların belə müxbirləri rayonlara və ya dövlət idarələrində gedib pullu xidmət göstərirlər fahişə kimi. Bəziləri də var ki, özünü bədənini, facebookda reklam edib elə burdan yığır müştərisini. Açıb profilinə baxırsan xanım jurnalist, yazar mən nə bilim daha nə…

Əslində isə onlar vəsiqəni əllərinə idarələrə girmək, pullu kişilərlə tanış olub xidmət etmək üçün əldə edirlər. Elə facebookda da çoxunu tanıyıram ki, özlərini reklam edirlər...Sevgidən azad seksdən, ondan bundan yazıb hissiyyatlı duyğulu olduğunu göstərirlər..Əslində belələrinin dərdi pul qazanmaqdı bədən hesabına. Onlar üçün evli subay cavan yaşlı fərqi yoxdu. Təki yaxşı yaşamaq olsun, maşın olsun, ev ,tətillər, qızıl, brilyant olsun. Belə şeyləri görəndə susmaq olmur. Çünki mən də az çox yazıram və harasa gedib jurnalistəm deyəndə eyni davranışı özünə qarşı görəndə nifrət edirsən işinə. Axı jurnalistika bu deyil, bədən satmaq deyil. Jurnalistika yazmaqdi xəbər çatdırmaqdı, problem həll etməkdi, maarifləndirməkdir.Bunu qanmırlar indiki yazarcıqlar.

Yazarın danışıq dili təmiz olmalıdır. O unutmamalıdır onu uşaq da oxuya bilər yaşlı da. Bəziləri var ki, yazılarında söyüşlə danışmağı özləri üçün qürur hesab edirlər.Əslində bu əxlaq səviyyəsinin göstəricisidir. Ürəyim doludur bu mövzuda.

- Hiss olundu,deyəsən yaman qəzəbləndiriblər səni.

-Bilirsən aramızda elələri var ki, ətəyi qısa, ağlı ətəyindən də qısa, kiminsə geyiminə söz demirəm, amma davranışla, geyim üst-üstə düşürsə kimsə əxlaqdan təmizlikdən danışmamalıdır. Danışanda adamla elə danışırlar ki deyirsən bah, deyəsən əxlaqsız elə mənəm bu tərtəmizdi

-Bəs özün də heç olubmu yazmaq istəmədiyin məqalələri kimə və ya nəyə görəsə işləməli olmusan ?

-Yox mən sifarişlə yazmıram...Qəzetdə çalışıram orada biz hər gün yazmalıyıq, müxtəlif problemlərdən, sosial psixoloji, sağlamlıq haqqında. Digər saytlara yazdıqlarım isə öz istəklərimdir. Bu günə kimi heç bir sayt və ya heç kim sifarişli yazı istəməyib. İstəyən olsa da yazmaram, bacarmaram.

-Sonda gələcəyə planların haqqda danışmaqını istərdim.

-Bilmirəm bilirsən yoxsa yox, amma mənim şerlərim də var, özümü şairə hesab etmirəm, şöhrət həvəskarı da deyiləm. Düzünü desəm indi kitab oxucusu azdır. Hamı nə istəyirsə internetdə oxuya bilir. Amma hər şeyə rəğmən düşünürəm ki, bütün yazılarımı, şerlərimi bir kitaba yığım. Kitab barədə düşünürəm. Çox planlarım var, jurnalistikada yüksəlib redaktor ola bilirsən ki, reportyor.com saytında redaktoram artıq...Mən fərqli olmaq istəyirəm, bəlkə gələcəkdə özümə uyğun nəsə bir iş qurdum, bu gələcəyin planlarıdır. Allah qismət edərsə olacaq

- O zaman elə yeri gəlmişkən serlərindən bir parça deyərdin

-Mən sənə bir ömür gecikdim gülüm,

Sən məndən bir ömür tez doğulmusan....

İndi bir başqası tutur əlini,

İndi başqasının gözü gözündə....

Bəlkə o başqası bilmir qədrini

Duymur bal dadını, o gül ətrini....

Niyə bu taleyi yaşayırıq biz,

niyə yarımcıqdı duyğularımız

dil susur....

gözlərsə dayana bilmir,

hər damla bir kəlmə söyləyib düşür,

hər damla gözümdən qəlbimə düşür....

Mən sənə bir ömür gecikdiyimçün,

hər gün qarğayıram öz taleyimi,

artıq kəlmələr də bezib əlimdən

dilimdən sürüşüb kağıza düşür....

Yorulub ürəyim, yorulub qəlbim

Daha bu sevgini istəmirəm mən.

Get.... deyə bilmirəm, Getmə .... demirəm

Qoy bu yarım eşqi yazan düşünsün!.

Vəfa Novruz

OXŞAR XƏBƏRLƏR