“İran bizi zəif bilirdi, bu qədər cəsarətli addımlar atacağımızı gözləmirdi”

SİYASƏT
13:19 21.09.2021
4364

"Azərbaycan nə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi. Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar, amma alınmadı”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşüblər:

"Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota verdi, nəticəsi olmadı, yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarına daşındı. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağa girişlərinin qarşısını alaq. İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu. Azərbaycan nə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi. Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar, amma alınmadı. Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumu almayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amuli səviyyəsində qorxutmağa çalışırlar. Ona da Azərbaycanla bağlı saxta informasiya əsasında mətn verib oxutdurublar”.

Politoloq onu da qeyd edib ki, cəsarətli din xadimlərinə ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin:

"Amuliyə cavabı Qafqaz Müsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axundu versəydi yaxşı olardı. Din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin, Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılmaları, şəhidlərimizin ruhlarına dualar oxumaları nə qədər vacib idisə, Azərbaycanı hədələyən axunda layiqli cavab vermələri bir o qədər əhəmiyyətlidir. Cəsarətli axunda ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amulinin diliylə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR