"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Amma 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra, yəni Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduqdan sonra İran açıq şəkildə ermənipərəst siyasətini gizlətmir. İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Azərbaycana qarşı da qərəzini daha da artırıb”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov İranın Azərbaycana qarşı qərəzli siyasəti haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğala məruz qoyduğu zaman İran həmin ərazilərdə qeyri-leqal işlərlə məşğul idi:
"Əvvəla, xüsusi qeyd etmək lazımdır ki, məhz Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğala məruz qoyduğu zaman İran həmin ərazilərdən narkotranzit, silah qaçaqmalçılığı və digər qeyri-leqal işlərlə məşğul idi. 44 günlük Vətən müharibəsində də biz gördük ki, İran ərazisindən Ermənistana durmadan bir neçə dəfə silah-sursat daşınırdı. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra 132 kilometrlik İran - Azərbaycan sərhədini də bərpa etdi, o cümlədən ölkə başçısı həmin sərhədi İrana mesaj olaraq qeyd etdi ki, bura dostluq sərhədidir. Amma tam əksinə olaraq biz görürük ki, İran nədənsə Ermənistanın 30 illik işğalçılıq dövründə heç bir hərbi təlimlər keçirmirdi, amma Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra burada artıq bir neçə dəfə hərbi təlimlər keçirib və sonuncu hərbi təlimdə isə məhz Araz çayını keçərək hərbi texnikalarını çayın o biri tərəfinə keçirməklə təlim keçirdi.

Deputat İranın Qafandakı konsulluğu haqda da danışıb:
"Bu günərdə isə Qafanda tələsik İranın bir konsulluğu açıldı. Əslində, Qafanda açılan İranın konsulluğu Ermənistanın və İranın hansı vəziyyətdə olduğunun bariz nümunəsi idi. Çünki o inzibati bina tam təmir edilməmiş, onun tələsik formada açılması və orada da İran XİN-in növbəti dəfə qərəzli bəyanatı bir daha İranın ermənispərəst siyasətinin təzahürüdür”.
C.Osmanov həmçinin qeyd edib ki, İran Azərbaycanın güclü olmasından ciddi narahatdır:
"İranın ciddi narahat olduğu məsələ ondan ibarətdir ki, Azərbaycan güclüdür, müstəqil siyasət yürüdür Çox güclü dostları, müttəfiqləri var. Azərbaycan bu gün dünyada ən vacib aktorlardan birinə çevrilib. Əlbəttə ki, bu, İranın özünü narahat edir. Bu gün İranın daxilində baş verən hadisələr, iğtişaşlar, əhalinin etirazları birbaşa molla rejiminə qarşıdır. Hansı ki, orta əsr təfəkkürü ilə ölkəni idarə etməyə çalışırlar. İnsanlar artıq bu siyasətdən boğaza yığılıb və ona görə də normal, sivil bir ölkəyə çevrilməyi istəyirlər. İranla Ermənistanın oxşar cəhətləri ondan ibarətdir ki, Ermənistan da hər zaman terror təşkilatlarının yaradılması ilə məşğul olan ölkədir. O cümlədən İranın da bir neçə terror təşkilatları mövcuddur. Digər bir tərəfdən İranın bu gün daxildə olan vəziyyəti, insanların etirazı, insanlara qarşı İran hakimiyyətinin qeyri-insani rəftarı insan haqlarının pozulmasının göstəricisidir. Bu, artıq İranının indiki hakimiyyətinin siyasətinin tamamilə sonunu gətirəcək bir istiqamətdir. İran hərbi təlimlər keçirməklə, region ölkələrinə qarşı, xüsusən, Azərbaycana qarşı, qardaş Türkiyəyə qarşı aqressiya nümayiş etdirməklə çalışır ki, daxildəki problemləri arxa plana keçirsin. Diqqətləri bu təlimlərə yönəltsin”.
"Bu gün Azərbaycan o Azərbaycan deyil ki, ölkəmizə əzələ nümayiş etdirsinlər, bizimlə diqtə dili ilə danışsınlar. İran yəqin ki, hələ çox keçmişdə qalıb. Azərbaycanı 90-cı illərin əvvəllərində ki zəif bir ölkə kimi bilir. Amma Azərbaycan artıq bütün gücünü, qüdrətini 44 günlük Vətən müharibəsində göstərdi. Ondan sonrakı mərhələdə ölkəmizin nüfuzunun, hörmətinin günbəgün artdığını artıq görmək lazımdır. Bölgədə yaradılmış yeni reallığı qəbul etmək lazımdır” – deyə deputat əlavə edib.
Aydın Nuri