İran Hörmüz boğazındakı internet kabellərini məhv etməklə hədələdi

İran Hörmüz boğazındakı internet kabellərini məhv etməklə hədələdi
DÜNYA
14:46 21.10.2026
140
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının siyasi məsələlər üzrə müavini, briqada generalı Yədullah Cəvani ABŞ və müttəfiqlərinin İranın infrastrukturunu hədəf alacağı təqdirdə Hörmüz boğazının altından keçən internet kabellərini məhv edə biləcəklərini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cəvani İranın ərəb dilli "Əl-Aləm” telekanalına müsahibəsində ölkəsinin yeni hədəflərini açıqlayıb.

O, ABŞ-nin regiondan tamamilə çıxmalı olduğunu deyib və bölgədəki vəziyyətin heç vaxt müharibədən əvvəlki dövrə qayıtmayacağını vurğulayıb:

"ABŞ-nin və müttəfiqlərinin böyük sərmayələri var. Əgər infrastrukturumuzu hədəf alsalar, İran bütün imkanlarından istifadə edəcək. İran Hörmüz boğazının altından keçən internet kabellərini asanlıqla məhv edə bilər”.

İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Hüseyn Mühəbbi də ötən gün açıqlamasında Hörmüz boğazının altından keçən, qlobal internet və kommersiya məlumatlarının ötürülməsini təmin edən 7 əsas kabelə hücum edilə biləcəyinə işarə edib.

TeleGeography və Submarine Networks məlumat bazalarına görə, qlobal məlumat axınının 97 faizindən çoxunu daşıyan sualtı kabellər şəbəkəsində Hörmüz boğazı və Fars körfəzi istiqamətində ən azı 7 əsas sistem mövcuddur.

Hörmüz boğazının dibindən keçən mühüm fiber-optik xətlər təkcə Körfəz ölkələrinin internetə çıxışına deyil, həm də trilyonlarla dollarlıq neft və qaz ticarətinin maliyyə əməliyyatlarına, eləcə də hərbi bazaların bəzi logistika məlumat şəbəkələrinə təsir göstərə bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR