İran İsrailə müharibə elan edəcəkmi? - Elçin Mirzəbəyli şərh etdi

İran İsrailə müharibə elan edəcəkmi? - Elçin Mirzəbəyli şərh etdi
DÜNYA
15:24 18.10.2023
445
Bir neçə gün öncə İran İsrailə xəbərdarlıq edərək bildirib ki, Qəzzada müharibə dayanmasa, İran müharibə cəbhələrini genişləndirəcək. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Nazir Hizbullahın İsrail hədəflərinə artan hücumlarını istinad edərək bildirib ki, hər saat yeni bir müharibə cəbhəsinin açılma ehtimalı artır.

İranın İsraili hədələməsi ilk deyil, artıq bu hal bir neçə dəfə baş verib. Bütün bu prosesləri nəzərə alsaq, yeni müharibə başlanması ehtimalı varmı?

Sözügedən mövzü ilə bağlı AZXEBER.COM-a danışan siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, İranın növbəti təhdidi göy gurultulusundan başqa bir şey deyil:

"İran İslam Respublikası adlanan ölkə 1979-cu ildən başlayaraq İsraili hədələyir və az qala hər gün bu ölkədə müxtəlif qruplar aksiya keçirərək İsrailə ölüm şüarlarını səsləndirirlər. Bütün bu prosesin arxasında İranın mövcud rejiminin Fələstin xalqına və ya bütövlükdə müsəlmanlara olan münasibəti dayanmır. Bu rejim hakimiyyətə 1979-cu ildə məhz islam dünyasında qarışıqlıq yaratmaq üçün gətirilib və bölgədə, həmçinin bu rejimin formalaşdırılmasında bir sıra Ərəb ölkələrinə qarşı balans yaratmaq məqsədi dayanıb. Bu aspektdən də ideoloji əsas kimi də məhz Fələstin məsələsi üzərindən müsəlman dünyasına müdaxilə hədəfi qoyulub. Buna görə İran məhz Fələstin məsələsini mütəmadi olaraq gündəlikdə saxlayır.
 
Bəlli olduğu kimi, Yaxın Şərqdə, Aralıq Dənizi hövzəsində və qismən də Ön Asiyada əsas məqamlardan biri, xüsusilə də İslam dünyası üçün, müsəlmanlar üçün məhz Fələstin-İsrail məsələsidir. Bu prosesin önündə aktiv şəkildə dayanan bir sıra dövlətlər var. İran özünü həmin o dövlətlərə rəqib görür, daha doğrusu rəqib olaraq məqsədyönlü şəkildə o rejim formalaşdırılıb. Fələstin məsələsi də İranın ideoloji aspektdən müsəlman dünyasına nüfuz etməsi üçün vasitələrdən biridir. Buna görə də bu, növbəti təhdid göy gurultulusundan başqa bir şey deyil”.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR