“”İran mən zərər görürəmsə, hamı zərər görsün” məntiqi ilə hərəkət edir” - Türkiyəli siyasi şərhçi

“”İran mən zərər görürəmsə, hamı zərər görsün” məntiqi ilə hərəkət edir” - Türkiyəli siyasi şərhçi
SİYASƏT
19:58 04.03.2026
292
"İran "mən zərər görürəmsə, hamı zərər görsün” məntiqi ilə regionda münaqişəni genişləndirmək və qlobal neft,  iqtisadi böhran yaratmaq üçün Hörmüz boğazını bağlaya bilər”.

Bu sözləri AZXEBER.COM-açıqlamasında türkiyəli siyasi şərhçi İsmayıl Cingöz deyib. 

O bildirib ki, ABŞ və İsrail hücumları davam etdirsə, İran da cavab zərbələrini davam etdirəcək:

"Qarşıdurma başlamazdan əvvəl İran tərəfi dəfələrlə bəyan etmişdi ki, hər hansı hücum olacağı təqdirdə Yaxın Şərq və Basra körfəzində yerləşən Amerika hərbi bazalarını vuracaq. Münaqişə başlayan İran körfəzindəki ABŞ bazalarına raket və dron hücumları həyata keçirdi. İranın ABŞ ilə İsrailə cavab verməsi region ölkələrinə mesaj xarakteri daşıyır. Yəni İran  bildirir ki, mən sizi yox, ABŞ bazalarını vururam. Əgər ərazilərinizin hədəfə alınmasını istəmirsinizsə, ABŞ-yə təzyiq göstərin və hücumları dayandırın mesajı verdiyi qənaətinə gəlmək mümkündür. Əgər ABŞ və İsrail hücumları davam etdirsə, İran da cavab zərbələrini davam etdirəcək”.

Ekspert qeyd edib ki, münaqişənin region ölkələrindən kənara yayılma riski mövcuddur:

"Gələcəkdə qarşıdurmalar uzanarsa və İranda yeni dini lider seçilərsə, onun "vilayəti-fəqih” statusu ilə ümumi cihad elan edib-etməyəcəyi sualı da gündəmə gəlir. Belə bir çağırış olarsa, region ölkələri ilə yanaşı dünyanın müxtəlif yerlərində yaşayan tərəfdarların hərəkətə keçməsi, kütləvi iğtişaş və zorakılıq hallarının artması ehtimalı müzakirə mövzusudur. Bu ssenari xüsusilə region dövlətləri, ABŞ və Avropa üçün nəzarətdən çıxan prosesə çevrilə bilər. Münaqişənin region ölkələrindən kənara yayılma riski mövcuddur”.

O deyib ki, Hörmüz boğazının bağlanması gündəmdədir:

"ABŞ hücumları dayandırmasa, Hörmüz boğazının bağlanması ehtimalı da gündəmə gələ bilər. İran 1980–1988-ci illərdəki İraq müharibəsi dövründə belə bu boğazı bağlamamışdı. Lakin bu dəfə "mən zərər görürəmsə, hamı zərər görsün” məntiqi ilə regionda münaqişəni genişləndirmək və qlobal neft, ardınca isə iqtisadi böhran yaratmaq üçün belə addım ata bilər. Hörmüz boğazının bağlanması İranın özünə də mənfi təsir göstərəcək. Bu addım İranın əsas tərəfdaşlarından biri olan Çin üçün də mənfi nəticələr doğura bilər. Uzunmüddətli perspektivdə beynəlxalq təzyiqlərin yenidən İran üzərinə yönəlməsi mümkündür. Bu səbəbdən yaxın günlərdə vəziyyət qeyri-müəyyən olaraq qalır”.

Siyasi şərhçi vurğulayıb ki, ABŞ daxilində də qeyri-müəyyənliyin olması gözlənilir:

"Məlumatlarda üç ədəd Amerika təyyarəsinin vurulduğu, Hayfa limanına ağır raketlərlə hücum edildiyi, Təl-Əviv və digər şəhərlərin zərbə aldığı, iki Amerika gəmisinin batırıldığı və bir təyyarədaşıyan gəminin ciddi zədələndiyi barədə xəbərlər yer alır. İranın əks-hücumlarla müqaviməti davam etdirir. Həlak olan Amerika hərbçilərinin cənazələrinin ölkəyə gətirilməsi ABŞ ictimaiyyətində narazılığın artmasına səbəb ola bilər. Xüsusilə Prezident Donald Trump administrasiyasına qarşı təzyiqlər güclənə bilər. Nümayəndələr Palatasında da administrasiyaya qarşı tənqidlərin olduğu qeyd edilir. İddialara görə, hökumət Konqresdən müvafiq səlahiyyət almadan İrana hücum edib və bu, proseslərin mənfi inkişafı halında Trampı çətin vəziyyətə sala bilər. Daxili ictimai rəyin təzyiqi ilə münaqişənin dayandırılması gündəmə gələ bilər. Hətta müəyyən ssenarilərdə Trampın vəzifədən kənarlaşdırılması ehtimalı da istisna edilmir”.

İ.Cingöz bildirib ki, üçtərəfli atəşkəs razılaşması mümkün ehtimaldır:

"Həm İran, həm də İsrail-ABŞ qarşılıqlı bəyanatlarla müəyyən mərhələdə gərginliyi azaltmaq və atəşkəsə nail olmaq yolunu seçə bilərlər. Beynəlxalq münasibətlər praktikasında hərbi əməliyyatlarla paralel şəkildə diplomatik kanallar da açıq saxlanılır. Tərəflərin "şərəfli atəşkəs” görüntüsü altında razılaşmaya gəlməsi mümkündür. Üç tərəfin də özünü qalib kimi təqdim edəcəyi bir atəşkəs ssenarisi də real ola bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR