İsrailin Tehrana hücumu nəticəsində HƏMAS lideri İsmayıl Haniyənin ölməsi Yaxın Şərqdə böyük müharibə qorxusunu artırıb və İranın təhlükəsizliyi ilə bağlı suallar yaranıb.
AZXEBER.COM "Reuters"ə istinadən xəbər verir ki, yüksək rütbəli İran rəsmiləri bu gün bölgədəki müttəfiqlər ilə görüşəcək və İsrailə qarşı cavab addımlarını müzakirə edəcəklər.
Məlumata görə, Livan, İraq və Yəməndən İranın dəstəklədiyi şəxslər toplantıya qatılacaq.
İsrail mediası Haniyə və mühafizəçisinin öldürüldüyü iqamətgaha dəyən raketin İran xaricindən atıldığını iddia etsə də, İran bu iddianı təsdiqləməyib.
İran mətbuatının məlumatına görə, sui-qəsd təyyarə ilə həyata keçirilib.
Daha bir məlumatda qeyd olunub ki, İran İnqilab Keşikçiləri (SEPAH) və İran ordusunun hava hücumundan müdafiə üçün müxtəlif sistemləri var, lakin nə radar sistemləri, nə də raket əleyhinə müdafiə vasitələri Haniyənin öldürülməsinin qarşısını ala bilməyib.
İsrail illərdir İrandakı nüvə və hərbi obyektlərə təxribat hücumları həyata keçirir və iranlı alimləri sui-qəsdlərlə hədəfə alır. Lakin indiyədək heç vaxt başqa ölkədən İrana hava hücumu etməyiblər.
Qeyd edək ki, aprel ayında İran İsraili 300-dən çox raketlə hədəfə almış və lakin bu raketlərin hamısı göydə vurularaq zərərsizləşdirilmişdi.
Əlavə olaraq bildirək ki, ötən gün İranın ali lideri Əli Xameneyi orduya əmr verərək İsrailə havadan zərbələr endirilməsini tapşırıb.