İran parlamenti məktəblərdə ana dilində ədəbiyyatın tədrisinə qarşı çıxıb

DÜNYA
18:05 26.02.2025
264
İran parlamentinin (İran İslam Şurası) nümayəndələri bu gün keçirilən açıq iclasda "ölkə məktəblərində yerli və etnik dillərdə ədəbiyyatın tədrisi” layihəsinə qarşı çıxıblar.

Bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, İran İslam Şurasının deputatları parlamentin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının ölkə məktəblərində etnik və yerli dillərdə ədəbiyyatın tədrisi planı ilə bağlı ümumi hesabatı ilə razılaşmayıblar.

Məlumata görə, parlamentdə iştirak edən 246 nümayəndədən 130-u İran məktəblərində həftədə iki saat ana dildə ədəbiyyatın tədrisi layihəsinin əleyhinə, 104-ü lehinə səs verib. 5 deputat isə bitərəf qalıb.

Vurğulanıb ki, parlamentin layihəyə qarşı çıxan nümayəndələrdən biri Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari məktəblərdə ana dilində ədəbiyyatın tədrisini İranın "ərazi bütövlüyü” ilə ziddiyyət təşkil edən bir iş kimi qiymətləndirib.

Qeyd edək ki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinə görə fars dili ilə yanaşı, yerli və etnik dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsi və onların ədəbiyyatının məktəblərdə tədrisi azaddır.
 
///apa
OXŞAR XƏBƏRLƏR