İranda baş verən etiraz aksiyaları zamanı təxminən 2000 nəfərin həyatını itirdiyi bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Tibb Təşkilatının rəhbəri Abbas Məscidi Arani açıqlama verib.
İran dövlət televiziyasının məlumatına görə, Arani ölənlərin böyük hissəsinin silahlı şəxslər tərəfindən qətlə yetirildiyini iddia edib. Onun sözlərinə görə, etirazlar zamanı həlak olanların əksəriyyəti həyati vacib orqanları iti alətlərlə hədəf alınaraq, yaxud ov tüfəngləri ilə çox yaxın məsafədən vurularaq öldürülüb.
Rəsmi bildirib ki, bəzi hallarda insanlar damlardan açılan atəş nəticəsində də həyatını itirib. Arani iddia edib ki, odlu silahlardan istifadə etməyi bacaran və "terrorçu elementlər” kimi təqdim olunan şəxslər etirazçılar arasına sızaraq nümayişçiləri məqsədli şəkildə hədəfə alıblar.
İran rəsmisi mülki şəxslərin və təhlükəsizlik əməkdaşlarının ölümündə məhz bu silahlı qrupları günahlandırıb. Hadisələrlə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Gülay







































