İran səfirliyindən - AÇIQLAMA

SİYASƏT
13:31 08.11.2013
1299

İran İslam Respublikasının Bakıdakı səfirliyi Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin İran sərhədçiləri tərəfindən bağlanması ilə bağlı açıqlama yayıb.

AZXEBER.COM-a səfirliyin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahinin adından daxil olan açıqlamada sərhədlərin bağlanması təsdiqlənib.

Məlumatda deyilir:

“Azərbaycan Respublikası sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb.

Azərbaycan Respublikası naməlum bir şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın bir yerdə bir traktora atəş açmasına görə- xoşbəxtlikdən heç bir tələfat olmayıb - Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlanıb ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb”.

O, əlavə edib ki, beynəlxalq qanun və normalara əsasən adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır.

İran səfirliyinin mətbuat xidmətinin rəhbəri daha sonra bəyan edib ki, İran dövləti bu səbəblərdən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.“İran İslam Respublikası inanır ki, müştərək sərhədlər iki xalqın dostluq simvoludur və İran daim sərhəddə sadələşdirilmiş keçid üçün lazımi işlər görüb. Səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün lazımi danışıqları davam etdirirlər”.

Qeyd edək ki, məlumatlara görə, noyabrın 7-dən Biləsuvar sərhəd-buraxılış məntəqəsindən qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb. Hazırda 200-dən çox nəqliyyat vasitəsi və mindən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün növbəyə dayanıb.

OXŞAR XƏBƏRLƏR