Xəbər verdiyimiz kimi, İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.
ABŞ İranın enerji infrastrukturuna zərbələri ikihəftəlik müddətə təxirə salıb. Bu müddət ərzində İranla ikitərəfli atəşkəs qüvvədə olacaq. Bu barədə Ağ Ev rəhbəri Donald Tramp açıqlama yayıb. Lakin atəşkəsin davamlı olub-olmayacağı sual olaraq qalır.
Politoloq Zaur Məmmədov AZXEBER.COM-a açıqmasında bildirib ki, ABŞ-də mövcud qanunvericilik savaşın daha da uzadılmasına imkan vermirdi:
"Müharibə bundan sonra uzağı 1-2 həftə davam edə bilərdi. Çünki ABŞ-də mövcud qanunvericilik savaşın daha da uzadılmasına imkan vermirdi.
Müharibənin davam etməsi ABŞ və İsrailin hansı məqsədlərə çatacağı sualını ortaya qoyurdu.
Bu səbəbdən tərəflər məqbul bir mərhələdə müharibəni dayandırmalı idilər və belə bir məqam da yarandı. Donald Tramp çox radikal ultimatum verdi və bu fonda Pakistan tərəfi hər iki tərəfə çağırış edərək 2 həftəlik atəşkəsin elan olunmasını və danışıqlara yenidən başlanmasını təklif etdi. Nəticədə, həm İran, həm də ABŞ üçün müəyyən mənada uyğun hesab edilən bir məqamda tərəflər atəşkəslə bağlı elan verdilər”.
O söyləyib ki, atəşkəsin davamlı xarakter alması gözləniləndir:
"Bundan sonra danışıqların aparılması gözlənilir. Cümə günü keçiriləcək görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu danışıqlarda İran, ABŞ və İsrail nümayəndələri artıq vasitəçilər olmadan, birbaşa masa arxasında öz mövqelərini ifadə edəcəklər. Atəşkəsin bundan sonra da davam etməsi mümkündür”.
Şahanə Ziyad











































