İran xarici düşmən axtarışındadır, ancaq 35 milyon azərbaycanlını unudur...

İran xarici düşmən axtarışındadır, ancaq 35 milyon azərbaycanlını unudur...
SİYASƏT
16:11 28.11.2022
700
 
Ötən gün İran mediasında Azərbaycana qarşı təhdid xarakterli video paylaşılıb.
 
Görüntüdə "Qüds yolu hardan keçir?" şüarlı yazı nümayiş etdirilib.
 
Yazıda yenə də Azərbaycana qarşı təxribatçı fikirlər yer alıb.
 
Sizcə, İranın bu hərəkəti Azərbaycana nə vəd edir?

İran bu vasitə ilə Azərbaycana nəyi göstərmək istəyir?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən sonra əsl dost və düşmənimizin kim olduğu aydın şəkildə məlum oldu:
 

 

"Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbədən sonra dünyadakı həqiqi dost və düşmənlərinin kim olduğu aydın olmağa başladı. Biz İranın zaman-zaman Azərbaycanın varlığına, inkişaf etməsinə, iqtisadi, siyasi və hərbi cəhətdən güclənməsini həzm edə bilmədiyini bilirdik. Sadəcə olaraq Azərbaycan Respublikası Cənab Prezidentin rəhbərliyi altında xarici siyasətində İranla bağlı məsələlərdə daha diqqətli sözlərdən və çox seçilmiş ifadələrdən istifadə edib. Çünki biz həmişə İranla münasibətlərimizi normal saxlanılmasında maraqlı olmuşuq. Amma İranda nə baş verdiyini, Azərbaycanla bağlı hansı siyasətin həyata keçirildiyini həmçinin İran siyasətçilərinin bizə olan münasibətdə düşmən mövqeyini unutmamışıq. Əsasən, hətta 1-ci Qarabağ Müharibəsi dövründə də İranın Azərbaycanla bağlı yürütdüyü siyasət bilirik. Son günlər isə, İran açıq və konkret düşmənçilik simasını göstərmiş oldu. Əslində, onların maskasını biz yırtdıq. Biz son vaxtlar həm mollaların, həm siyasilərin, həm də hökumətin Ermənistana etdikləri yardımları, ermənilərlə bağlı bəyanatlarını görürdük".
 
Deputat deyib ki, Azərbaycan Prezidenti də 40 milyon azərbaycanlının talehi barədə konkret fikir ortaya qoyub:
 
"KİV-lərin Azərbaycana qarşı total hücumları artıq bizə İranın hansı mövqedə olduğunu və yanımızdakı ikinci düşmənin kim olduğunu göstərdi. Azərbaycan Prezidenti də bu məsələni konkret ortaya qoydu. Mövqe olaraq bildirildi ki, İranda yaşayan 40 milyon azərbaycanlının talehi bizim üçün önəmlidir. Biz onların orada öz dillərində təhsil almamasına, mədəniyyət mərkəzlərinin olmamasına biganə qala bilmərik. Azərbaycan Respublikası bu məsələ ilə bağlı əlindən gələni etməyə çalışacaq ki, bu insanlar bizim dəstəyimizi hiss etsinlər".
 
Millət vəkili sonda qeyd edib ki, İranın bu cür təxribat xarakterli bəyanatları, süjetləri yığışdırılmalıdır:
 
"Əslində, İranın daxilində baş verən hadisələr, iğtişaşlar hər gün artmaqdadır və İran öz daxili məsələləri ilə məşğul olsa, daha yaxşı olar. Çünki açıq-aydın görünür ki, xalq bu rejimdən bezib. Asmaqla, öldürməklə, şallaq vurmaqla, cürbəcür radikal addımlar atmaqla xalqın fundamental hüquqlarını, azadlıqlarını boğmaq olmaz və bu İrana xeyir gətirməyəcək. İran özü üzərində islahatlar aparmalı, Azərbaycanla olan münasibətlərinə yenidən baxmalı, etdiyi səhvlərə görə üzr istəməlidir. Qeyd edə bilərik ki, bütün bu məsələlər öz həllini tapsa, təbii ki, biz İranla və digər qonşu ölkələrlə sülh içində yaşayarıq. Bizim üçün qonşu ölkələrlə dost və qardaşlıq münasibətlərinin olması və inkişafı vacib məsələlərdən biridir. O cümlədən, İranla da gələcəkdə münasibətlərin normallaşmasını arzulayırıq. Amma əsas məsələ İranın üzərindədir. Çünki indiyə qədər edilən pisliklərin hər biri İranın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Münasibətlərin mənfiləşməsinin bütün məsuliyyəti İranın üzərinə düşür. Həmçinin KİV-lərdəki həmin tip bəyanatlar, yazılar, süjetlər yığışdırılmalıdır. Ritorika dəyişməlidir. Bütün bunların fonunda gələcəkdə münasibətlərin normallaşmasından danışmaq məqbul olar".
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq, siyası şərhçi Elçin Mirzəbəyli də bildirib ki, İranın bu cür addımlar atmasının səbəbi xarici düşmən axtarmasıdır:
 

 

"İran rejiminin nəzarəti altında olan media resurslarının və sosial şəbəkələrdəki seqmentlərdə İran agenturasının bu və digər xarakterli Azərbaycan əleyhinə məlumatlar yayımlaması mahiyyət etibarilə diqqətin İranda pozulan insan hüquqlarından yayındırılmasından xidmət edir. İran nəyin bahasına olursa olsun, xarici düşmən axtarışındadır. Çünki mövcud şəraitdə indiki İran rejimi cəmiyyətin konseldasiyasına uzun illərdən bəri bu istiqamətdə təbliğat apardığı üçün yenə də xarici düşmən faktorunu yaratmaq niyyətiylə aradan qaldırılacağını düşünür. Hesab edirlər ki, yalnız bu halda daxili problemlərdən diqqəti yayındırmaq və cəmiyyətin həmrəyliyinə qismən də olsa nail olmaq mümkündür. Yəni, uzun illərdən bəri İranın reallıqda yürütdüyü siyasət var və bir də molla rejiminin ayrı-ayrı təmsilçilərinin verdiyi gurultulu bəyanatlar var. Bu gurultulu bəyanatların hər birində Qərb ölkələrin əleyhinə şüarlar səsləndirilir. Amma reallıqda isə, İranın bütün terroru və cəsus fəaliyyəti müsəlman ölkələrin ərazilərində həyata keçirilir. Mövcud rejim formalaşandan dərhal sonra, 1980-ci ildən sonra, İraqla müharibəyə başlaması, daha sonra bütün müsəlman ölkələrinin ərazisində baş verən proseslərdə aktiv şəkildə yer almağa cəhd göstərərək terror qruplarını maliyyələşdirməsi bu kontekstdə İranın İraqdakı, Suriyada, Liviyada, Yəməndəki fəaliyyətini önə çəkə bilərik. Eyni zamanda, Fələstin probleminin həllini BMT-nin Təhlükəsizlik Şurasının qərarları çərçivəsində həllinə mane olmaq cəhdləri və ayrı-ayrı silahlı qrupları maliyyələşdirməklə yaxın Şərqə sülhün əldə olunmasına mane olmaq cəhdləri İranın real simasını ortaya qoyan faktorlardır".
 
Politoloq qeyd edib ki, Qüdsün yolu sülhdən, əmin-amanlıqdan keçir:
 
"Qüdsün yolu sülhdən, əmin-amanlıqdan keçir və bu yolu da İslamın dəyərlərinə xidmət edən gerçək, reallıqda xidmət edən ölkələr beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində dostluq və sülh mesajları verməklə tapacaqlar. Əgər İran kimi ölkələr olmasa, bu problemlər qısa zaman kəsiyində həll edilə bilər. Düşünürəm ki, mövcud molla rejimi Azərbaycanın verdiyi qərarların timsalında özü üçün nümunə götürə bilər. Necə ki, Azərbaycan İsraildə səfirlik açmaq qərarıyla yanaşı, Fələstində təmsilçilik açmaq qərarını verdi. Bu, əslində, sülh mesajı idi. BMT qətnamələrin dəstəklənməsi istiqamətində atılan bir mahiyyət etibarlı addım idi. O ki qaldı ki, İrandan Azərbaycan ərazisinə nəyinsə keçməsindən. Bölgənin inkişafının sivil bir müstəviyə yüksəlməsinin, haqların rifahının, təhlükəsizliyinin, molla rejiminin çökməsindən keçir. Bunu İran xalqı, İranda yaşayan insanlar, o cümlədən, 35 milyonluq Azərbaycan türkü və digər türk xalqlarının təmsilçiləri çox yaxşı başa düşürlər. Mübarizələrini də məhz bu kontekstdə davam etdirəcəklər. Heç bir xarici düşmən axtarışı saxta İran rejiminin xilasına kömək edə bilməyəcək".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 


 

.
OXŞAR XƏBƏRLƏR