Sosial şəbəkələrdə "Mədəniyyət” kanalında İslam dini əleyhinə musiqinin verildiyi haqda video yayılıb.
Videoda "Yıxılsın minarələr, kəsilsin azan səsi. Nə məscid gərək bizə, nə molla moizəsi, yaşasın ateizm” sözlərinin yer aldığı video insanlarda çaşqınlıq yaradıb.
AZXEBER.COM sözügedən video ilə bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə əlaqə saxlayıb.
AzTV-nin açıqlamasında bildirilib ki, "Mədəniyyət” kanalında yer almayıb, bu İranın növbəti təxribatıdır:
"Bu gün İran dövlətinin Azərbaycana qarşı siyasəti və qərəzli mövqeyi media müstəvisində də davam edir. "İranlı həmkarlarımız” bu yolda jurnalist adına və etikasına yaraşmayan bütün metodlara əl atır. Təhqirdən tutmuş, dezinformasiyaya qədər… Növbəti addım isə "Mədəniyyət” kanalında yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları” adlı oratoriyadan bir hissəni kəsib paylaşmaq oldu. Həmin hissədə Sovet Sosialist Respublikaları İttifaqı dönəmində rejimin Azərbaycanda din əleyhinə təbliğatı, İslam dini ilə mübarizəsi yer alır. İran mediası məhz 28 saniyədən ibarət həmin hissəni kəsərək Azərbaycanı İslam dininə, məscidlərə, azana qarşı mübarizə aparmaqda ittiham edir. Bu ittiham həm gülməli, həm də ağlamalıdır. Əvvəla, müsəlmanlara qarşı soyqırımı, terror siyasəti həyata keçirən Ermənistanı Quran ayələri ilə qarşılayan, məscidlərin darmadağın edilməsinə, orada donuz saxlanılmasına bir dəfə də olsa, səsini çıxarmayan, bu gün də xalqına, xüsudən də Cənubi azərbaycanlılara qarşı repressiyalara ara verməyən İran dövlətinin kimisə, o cümlədən də Azərbaycanı İslam dininə xəyanətdə ittiham etməyə haqqı varmı? Ermənipərəst İran rejimini başa düşdük, məsələnin ən acınacaqlı tərəfi odur ki, daxildəki bəzi İranyönümlü dairələr də fars rejiminin dezinformasiya siyasətinə dəstək verir, araşdırma aparmamış Mədəniyyət TV-yə hücuma keçirlər”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 2022-ci ilin 14 oktyabr tarixində Bakıdakı Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunub.
Musiqili gecədə repressiya qurbanı olan şair Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları” adlı oratoriya ilk dəfə təqdim olunub. Librettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlının olduğu əsərin dirijoru Mustafa Mehmandarov olub. Əsəri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və bədii rəhbəri Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası ifa edib, əsərin ideoloji xətti SSRİ-nin İslam dininə qarşı mübarizəsi, Azərbaycan ziyalılarını da əsasən din pərdəsi altında repressiyaya məruz qoymasıdır.
Açıqlamada o da qeyd olunub ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dövlətə, xalqa qarşı yürüdülən informasiya təxribatlarının ön cəbhəsində daim mübarizə aparır.
Ayşən Mirzəyeva