"İranda baş verən hadisələr real proseslərdən qaynaqlanır"

"İranda baş verən hadisələr real proseslərdən qaynaqlanır"
DÜNYA
17:11 09.01.2026
442
"Ölkənin bir çox şəhərində baş verən etiraz aksiyalarının necə nəticələnəcəyini indidən söyləmək çətindir. Bu tip hadisələr İranda zaman-zaman baş verib. Sadəcə, hazırkı etirazlar daha geniş kütləni əhatə etdiyinə görə əvvəlkilərdən fərqlənir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib.


O bildirib ki, İranda baş verən hadisələr real proseslərdən qaynaqlanır:

"İranda baş verən hadisələr real proseslərdən qaynaqlanır. Son dövrlərdə ölkədə milli valyutanın təxminən 100 dəfə dəyərdən düşməsi vətəndaşları, xüsusən də tacirləri ciddi şəkildə narahat edir. Prosesin məhz bazarlardan başlaması da təsadüfi deyil. Molla rejimi islahatlarla bağlı heç bir real addım atmaq istəmir”.

Ekspert vurğulayıb ki, baş verən aksiyalarda etnik baxımdan farsların üstünlük təşkil etdiyi müşahidə olunur:

"Baş verən aksiyalarda etnik baxımdan farsların üstünlük təşkil etdiyi müşahidə olunur. Onlar demək olar ki, Güney azərbaycanlılara yalvararaq türklərin də prosesə qoşulmasını istəyirlər. Çünki ölkənin əsas etnik çoxluğunu məhz güneylilər təşkil edir. İranda milli çoxluq olan güneylilərin proseslərə qoşulması hədəfə daha tez çatılmasına səbəb ola bilər. Lakin tarixi təcrübə göstərir ki, türklər bu cür proseslərdə iştirak etdikdə, sonradan ən çox zərər görən tərəf məhz soydaşlarımız olub. Bu səbəbdən hazırda Güney azərbaycanlıların strateji səbr nümayiş etdirdiyinin şahidi oluruq”.

Politoloq bildirib ki, proseslərdə qlobal güclərin də müəyyən maraqlarının olduğu görünür:

"Etirazlar real sosial-iqtisadi səbəblərdən qaynaqlansa da, proseslərdə qlobal güclərin də müəyyən maraqlarının olduğu görünür. Amerika Birləşmiş Ştatlarının farsdilli media orqanlarında və ABŞ prezidenti Donald Trampın sosial media hesabında molla rejiminə qarşı etirazlara dəstək xarakterli açıqlamalar yer alır. Bildirilir ki, etirazçılara qarşı zorakılıq və güllə atılması halında ABŞ proseslərə müdaxilə edə bilər. Bu açıqlamalar təsadüfi deyil.
Türklər anlayırlar ki, molla rejimi devrilərsə, qlobal güclər alternativ olaraq şahın oğlu Rza Pəhləvini önə çıxara bilərlər. Bu isə bizi qane etmir. Çünki mövcud molla rejiminin formalaşmasının əsas səbəbləri məhz şah dövründəki siyasətlərdən qaynaqlanır. Həmin dövrdən etibarən türklər ciddi repressiyalara məruz qalıb. Elə bu zülmə qarşı cəmiyyətin reaksiyası nəticəsində molla rejimi hakimiyyətə gətirilmişdi”.

R.Məmmədsoy qeyd edib ki, İran Ali lideri Xameneinin gələcəkdə Rusiyaya getməsi mümkündür: 

"Qərb kəşfiyyatının Xamenei ilə bağlı yaydığı müəyyən iddialar da mövcuddur. Həmin iddialara əsasən, Xameneinin Rusiyaya qaçması ehtimalı irəli sürülür. Bu da təsadüfi sayılmır. Bəşər Əsəd dövründə də oxşar halların, əsasən Rusiyaya yönəlik qaçışların şahidi olmuşduq. İran rəhbərliyinin əsas müttəfiqləri Çin və Rusiyadır. Əgər proseslər tam nəzarətdən çıxarsa və güc strukturları etirazçıların tərəfinə keçərsə, Xamenei başda olmaqla aparıcı qrupların ölkəni tərk etməsi mümkündür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR