İranda etiraz aksiyaları hər keçən gün daha da böyüyür - Fazil Mustafadan reaksiya

İranda etiraz aksiyaları hər keçən gün daha da böyüyür - Fazil Mustafadan reaksiya
SİYASƏT
15:24 08.01.2026
474
İranda son günlərdə müşahidə olunan etiraz aksiyaları ölkədə dərinləşən sosial-iqtisadi problemlərin və siyasi narazılığın açıq təzahürünə çevrilib. Müxtəlif şəhərləri əhatə edən aksiyalar əsasən həyat səviyyəsinin aşağı düşməsi, işsizlik, inflyasiya və sosial ədalətsizlik kimi problemlərə etiraz olaraq başlayıb. İranda etirazların əsas səbəbi təkcə konkret bir hadisə deyil, illərdir yığılan struktur problemlərdir. Sanksiyaların iqtisadiyyata təsiri, milli valyutanın dəyər itirməsi və əhalinin rifah səviyyəsinin aşağı düşməsi narazılığı daha da dərinləşdirir. 

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında bildirib ki, İranda baş verən hadisələr son dərəcə ciddi xarakter daşıyır:

"İranda baş verən hadisələr son dərəcə ciddi xarakter daşıyır. Artıq nə mövcud rejim, nə də İran hökuməti vəziyyəti nəzarət altına almaq və böhranı effektiv şəkildə həll etmək imkanına malik görünmür. Maliyyə və iqtisadi problemlərin bərpası isə olduqca mürəkkəb və uzunmüddətli prosesdir. Bu səbəbdən sözügedən məsələyə biganə yanaşmaq olmaz. İranda əvvəlki illərdə qadın azadlığı və hicabla bağlı etirazların qarşısını zorakılıq yolu ilə almaq nisbətən asan idi. Lakin hazırkı mərhələdə iqtisadi problemlər fonunda vəziyyəti sabitləşdirmək üçün bazara ciddi maliyyə vəsaiti buraxmaq tələb olunur ki, İranın hazırda belə imkanları yoxdur”.

Deputat bildirib ki, ölkədəki əsas problemlərdən biri də su qıtlığıdır: 

"İrandakı əsas problemlərdən biri də su qıtlığıdır. Bu faktor əhalinin böyük hissəsinin ağır sosial şəraitdə yaşadığını açıq şəkildə göstərir. Milli valyutanın sürətlə dəyərdən düşməsi isə hətta qaçqınları belə ölkədən uzaqlaşdıran əsas səbəblərdən birinə çevrilib”.

Parlamentari vurğulayıb ki, azərbaycanlıların böyük əksəriyyət hakimiyyəti təmsil edir:

"Azərbaycanda bəzən yanlış təsəvvür formalaşır ki, guya İranda azərbaycanlılar kütləvi şəkildə ayağa qalxarsa, bütün problemlər öz həllini tapacaq. Əksinə, İslam İnqilabı dövründə onların qələbə qazanmasının əsas səbəblərindən biri məhz azərbaycanlıların mühafizəkar mövqeyi olub. Azərbaycanlıların yalnız çox kiçik bir qismi milli muxtariyyət və azadlıq kimi şüarlarla çıxış edə bilər. Böyük əksəriyyət isə hakimiyyəti təmsil edir və mövcud sistemi dəstəkləyir. Belə bir şəraitdə azərbaycanlıların rejimi qoruma instinkti onu dağıtmaq instinktindən daha güclüdür. Bununla yanaşı, İranda mümkün parçalanma proseslərinin təsiredici güc qazanması region üçün, o cümlədən Azərbaycan üçün də müəyyən təhlükələr yarada bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR