İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) son danışıqlar konkret nəticələr verməyib.
"İndiyədək AEBA-nın baş direktorunun müavini səviyyəsində İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının rəsmiləri ilə iki görüş keçirilib, lakin yekun nəticələr əldə olunmayıb", - İ.Bəqai bildirib.
O əlavə edib ki, AEBA-nın müfəttişlərinin İrana səfəri "Buşəhr" AES-ə yanacaq yüklənməsinə nəzarətlə məhdudlaşıb və stansiyanın fasiləsiz işinin təmin edilməsi üçün beynəlxalq normalara uyğun olaraq həyata keçirilib.
"Hazırda İranda AEBA müfəttişləri yoxdur; buna baxmayaraq, İran və agentlik arasında təmaslar davam edir. İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və Hərtərəfli Təminatlar Sazişi üzrə öhdəliklərinə riayət etdiyini təsdiqləyib", - o vurğulayıb.
İ.Bəqai həmçinin Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaların bərpası ilə bağlı addımlarını tənqid edib və bunun hüquqi cəhətdən əsassız olduğunu deyib.
report