Sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurduğunu açıqlayıb“Kanada səfirliyinin əməkdaşları dərhal İrandan xaric edilməlidirlər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, belə bir bəyanatla İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi çıxış edib.Onun sözlərinə görə, Kanadanın addımına son dərəcə sərt şəkildə cavab verilməlidir: “Kanada Böyük Britaniyanın nəzarəti altında olan bir ölkədir. Böyük Britaniya kraliçası bu ölkəyə səlahiyyətli şəxs təyin edir və əhəmiyyətli qərarlar da onunla razılaşdırılaraq alınır. Ona görə də Kanadanın Böyük Britaniyanın İrandakı səfirliyinin bağlanılmasından narahat olması təbiidir. Bu vəziyyətə İran Xarici İşlər Nazirliyi də səssiz qalmamalı, ölkənin milli mənafeyini nəzərə alaraq Kanadanın bu addımına reaksiya verməli və ilk addım olaraq bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarını bir an əvvəl xaric etməlidir”.