İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı 11 əməkdaşlıq müqaviləsi imzalanacaq.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu İranın İslamabaddakı səfiri Rza Əmiri Moqadam "Tasnim” agentliyinə bildirib.
Onun sözlərinə görə, Pezeşkianın Pakistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.
"İslam dünyasının taleyi ilə bağlı mühüm məsələlərdə həm Pakistan, həm də İran həmrəylik nümayiş etdirir. Ümid edirik ki, bu səfər zamanı biz yeni əməkdaşlığın əsaslarını möhkəmləndirə biləcəyik", - Moqadam bildirib.
Diplomatın sözlərinə görə, İran və Pakistan arasında ticarət dövriyyəsi son iki ildə 500-550 milyon ABŞ dolları artıb və hazırda 3,1 milyard dolları ötüb:
"İran nümayəndə heyətinin Pakistana səfəri zamanı 11-ə yaxın sənəd və birgə bəyanat imzalanacaq. Ən qısa müddətdə iki ölkə arasında azad ticarətin yaradılması məsələsi də müzakirə olunacaq. Nəqliyyat sektorunda Pakistanın müxtəlif şəhərlərindən İrana dörd yeni reysin açılması planlaşdırılır ki,onların arasında ən önəmlisi İslamabad ilə Tehran arasında olacaq – bu marşrut üzrə son 20 il ərzində birbaşa uçuşlar həyata keçirilməmişdi".