Çirkli pullar İrəvanda necə yuyulur

Çirkli pullar İrəvanda necə yuyulur
SİYASƏT
16:30 30.05.2019
4268
Ənvər Yusifoğlu 
 
2004-cü ildə ABŞ-ın maliyyə nazirliyinin sifarişi ilə İranla bağlı hazırlanmış xüsusi hesabatda qeyd olunur ki, Tehran rejimi neft-qaz və digər iqtisadi resurslarından əldə etdiyi gəlirlərin böyük hissəsini Yaxın Şərq ölkələrində "İran İslam İnqilabı” ideyalarının həyata keçirilməsi məqsədlərinə yönəldir. Beləliklə də Yaxın Şərqin 23 ölkəsində İrana bağlı terror şəbəkələri gücləndirilmiş olur. Bununla yanaşı, region dövlətlərini təhdid altında saxlamaq üçün, "Atom sənayesi”nin inkişafına təkan verilməkdədir. Bu barədə ABŞ-ın 30 tədqiqat mərkəzinin hazırladığı sənədlərə istinad olunub. ABŞ-ın maliyyə nazirliyi "IEEE” tərəfindən dəqiqləşdirilmiş bu yöndəki hesabatının ardından İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə başlanılıb. IEEE-nin araşdırmalarına görə İrandakı "Buşehr Atom Elektrik Stansiyası” zahiri baxımdan xoşməramlı məqsədlərə xidmət etsə də, əslində "ATOM BOMBASI”nın istehsalı nəinki Yaxın Şərqi, bəşəri mənada dünyanı təhdid edən faktorlardan birinə çevrilməsi təhlükəsi mövcuddur.

"Konservləşdirilən atom bombası”

2005-ci ildə İrana qarşı başda ABŞ olmaqla beynəlxalq miqyasda iqtisadi və maliyyə embarqolarının tətbiqinə hazırlıq ərəfəsində iqtidara gələn Mahmud Əhmədinejat "atom kimyası”nın konservləşdirilməsisinin əleyhinə çıxdı. Onun populist çıxışlarına cavab olaraq prezident Corc Buş admnistrasiyası İranın bir çox iş adamlarına, şirkətlərinə və bank sektoruna sanksiyalar tətbiq etdi. Bu məsələdə xüsusilə İranda "atom kimyası” və "silah sənayesi” sektorunda çalışan şirkətlərə qarşı embarqolar tətbiq olundu. 2012-ci ildə İran hökuməti Qərb dövlətlərinin sanksiyalarına cavab kimi ABŞ və İngiltərəyə, 2013-cü ilin başlanğıcından Avropa İttifaqı üzvü olan ölkələrə neftin satışını dayandırmalı oldu. "Atom nüvəsi” proqramından müəyyən şərtlər daxilində Tehran rejimi güzəştlərə getməyə məcbur olduğu dönəm 2016-cı ilə təsadüf edir. ABŞ isə, bunun qarşılığında İranın 56 fiziki şəxsini azad etdi. Bununla yanaşı, 385 şirkətə, 77 təyyarəyə və beynəlxalq sularda üzən 227 gəmiyə (həm də neft tankerləri) sanksiyalarını ləğv etdi. 2017-ci ildə ABŞ-a məxsus kəşfiyyat orqanları tərəfindən aparılan araşdırmalar zamanı bəlli oldu ki, İran heç də "atom bombası” layihəsindən əl çəkməmişdir.

Bundan əlavə, Tehran rejimi beynəlxalq miqyasda iqtisadi və ticarət əlaqələrindən əldə etdiyi gəlirlərin çoxunu ekspansionist siyasətə yönəldir. Xüsusilə Suriya, Livan, İraq və Yəmənlə bağlı böhranlarda yaranmış durum İranın maraqları çərçivəsində idarə edir. Bundan əlavə, İraq, Pakistan, Oman, Sudan, Əfqanıstan, Azərbaycan, Gürcüstan, Küveyt, Bəhreyn, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər dövlətlərin daxili işlərinə müdaxilələrin coğrafiyasını genişləndirir. Hətta bu dövlətlərin daxili siyasi, ictimai, dini və digər sahələrində süni şəkildə böhranların yaradılması taktikası ilə hərəkət edir. Bunları nəzərə alaraq İranın milyardlarla dollarlıq maliyyə gücü olan 8, ballistik raketlərin və digər silahların biznesi ilə məşğul olan 17 şirkətinə sanksiyalar tətbiq olundu. Bu embarqoların ardından 2018-ci ildə ABŞ-ın Ağ Ev administrasiyası Çin, Hindistan, Yunanıstan, Cənubi Koreya, Tayvan, İtaliya və Türkiyəyə müraciət edərək İran neftini almaqdan imtina etmələri istənildi. Əks halda neft tankerlərinin və boru xətlərinin təhlükəsizlik təminatının sual altında qala biləcəyi vurğulandı. Daha sonra dünya bazarında ən çox satılan İran qızılına əngəllər yaradıldı. 7 avqust 2018-ci ildə Avropa Birliyinin qərarı ilə ABŞ-ın sanksiyalarına dəstək verildi. Həmin ilin noyabr ayında banklararası beynəlxalq əlaqələri tənzimləyən SWIFT tərəfindən İranın beynəlxalq maliyyə əlaqələri və bank hesabları donduruldu. 31 yanvar 2019-cu il tarixdə aparılan araşdırmalar zamanı bəlli oldu ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, INSTEX (Instrument in Support of Trade Exchanges) vasitəsilə Tehran rejimi istədiyi kimi bank əməliyyatlarını davam etdirir.

Tehran rejiminin İrəvandakı ümidləri

İran hakimiyyəti avtoritar rejim qaydaları ilə idarə olunduğu üçün, ölkənin maliyyə və iqtisadi mənbələri "Ettelaat”-ın xüsusi nəzarətindədir. İndi Tehran rejimi iqtisadi və maliyyə baxımından embarqolardan yan keçmək üçün yollar arayır. Özünə açıq və ya qapalı şəkildə tərəfdarlar taparaq onların vasitəsilə dondurulmuş pullarını leqallaşdırmağa çalışır. 2012-ci ildə Suriyada başlanan vətəndaş müharibəsinin fəsadlarına baxmayaraq, rəsmi Dəməşqə 15 milyard dollar kredit ayırdı. Oman, Sudan, Yəmən, İraq, Livan və digər dövlətlərdəki təsisatlarının vasitəsilə embarqodan yayınmaq taktikası ilə hərəkət etməsinin mənası budur. İran rejiminin 1991-ci ildə Ermənistanla isti münasibətlərini qurması, Azərbaycanın işğal edilmiş ərazilərindəki təbii sərvətlərin istismarı və dünya bazarına çıxarılması barəsində neçə illədir məlumatlar yayılsa da, Tehran hakimiyyəti bu faktları inkar etməyib. İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların qızıl, civə, obsidian, oniks, pefirtoid, listvenit mişar daşı, üzlük daşı, gil, pemza, əqiq, mişar daşı, soda üçün əhəng daşı, molibden, mərmər, qranit, kirəc, tulus tuf, xalsedon, sink, mis,və digər təbii sərvətləri, mebel sənayesi üçün tələb olunan xammal İranın üzərindən satılması və bunun qarşılığında qondarma Dağlıq Qarabağın büdcəsinin maliyyələşdirilməsi kimsəyə sirr deyil.

Tehran rejimi beynəlxalq iqtisadi sanksiyalarla üz-üzə qaldığı indiki ərəfədə İrana məxsus maliyyə sektorunun leqallaşdırılması istiqamətində İrəvandakı bank sektoru qollarını çırmalayaraq hərəkətə keçib. AKBA-Kredit Aqrikol, AmeriaBank, Anelik Bank, Ararat Bank, ArdşinBank, ArmebiznesBank, ArmSvisBank, ArmekenomBank, ArtsaxBank, Biblos Bank, İnekBank, KonversBank, Mellat Bank, PanarmenianBank, Promotey Bank, Rietumu Bank və digər banklar "çirkli pullar”ın və "embarqo”ya məruz qalmış maliyyə vəsaitlərinin leqal status qazanması üçün gərgin rəqabət aparırlar. 1.7 milyon nəfər əhalisi olan ölkədə orta hesabla 30 bank fəaliyyət göstərir. Ermənistanın tarixində ilk dəfə olaraq ən iri çəkili dövlət büdcəsi bu il qəbul edilib. Yəni 2019-cu ildə Ermənistanın büdcəsi 3 milyard 160 milyon dollar təşkil edəcək. İlk dəfə Ermənistanın bu il hərbi xərcləri 530 milyon dollara çatıdırılacaq. Bu da ümumi büdcənin 20 faizi deməkdir. O zaman sual yaranır ki, Ermənistanın 30-a bankının maliyyə dövriyyələri hansı qazancları əldə edə biləcəklər? Bu suala cavab tapmaq üçün İran-Ermənistan əlaqələrinə nəzər yetirmək lazımdır. İran-Ermənistan əlaqələri siyasi maraqlar çərçivəsindən əlavə, iqtisadi müstəvidə inkişaf edir. Daşnaksütyun Partiyasının mərkəzi qərargahının Tehrana köçürülməsi, İranda qədim Qafqaz Albaniyası kilsələrinin "erməni mədəniyyət abidələri” adı altında kütləvi şəkildə abadlaşdırılmasının qarşılığında gizli biznes sektorunun çiçəklənməsi prosesləri də müşahidə olunur.

30 İran bankına qarşı embarqo və ermənilər

"İran Mərkəzi Bankı”, "İran Milli Bankı”, "İran İslam Bankı”, "Keşavarazi Bankı”, "Ənsar Bank”, "Ayəndəh Bank”, "Banke Hekmətİranian”, "Banke Mellət”, "Banke Keshvəravazi”, "Banke Xalifəthijəmalad”, "Banke Saderat”, "Banke Sepah”, "Banke Tejaret”, "Banke Ghavamin”, "Banke Parsian”, "Banke Qharzolhasaneh Mehr”, "Banke Refah”, "Banke Pasargad”, "Banke Saman ATM”, "Banke Samen”, "Banke Sina”, "Banke Maskan”, "Banke Post”, "Banke Egthesade Novin”, "Banke Eqtesad Novin”, "Banke Touse Saderat”, və digər maliyyə strukturları mövcud olma şabası göstərirlər. Bunun əsas səbəbi də bəllidir. Beynəlxalq sanksiyalar və embarqo. Digər yandan isə, ölkədə yerli milli valyuta olan rial və tümənnin də dəyəri hər ötən gün ərzində sürətlə enməkdədir. Bununla yanaşı, Yaponiya, İtaliya, Cənubi Koreya və digər ölkələrin bank sektoru da İranı tərk ediblər.

Qonşu ölkələrə sanksiyaların ucbatından ucuz neft ixrac etmək məcburiyyətində qalan Tehran rejimi İrəvandan köç etmək məcburiyyətində qalmış "Daşnaksütyun Partiyasının xidmətindən mümkün qədər yararlanmağa çalışır. Bu partiyanın Livan, İraq, Ermənistan, Argentina, Boliviya, İspaniya, Rusiya, Ukrayna və digər ölkələrdə diaspor adı altında çox güclü dayaqları mövcuddur. Erməni iş adamlarının son günlər İrəvana tez-tez gəlişinin mənası da burada aranmalıdır. Hətta erməni işadamları yaşadıqları ölkələrdə onlara məxsus biznes strukturlarını yerli vətəndaşların adlarına rəsmiləşdirməklə gizli pərdənin arxasında durmaqla İranın embarqoya məruz qalmış bank hesablarındakı köçürmələri, bugünkü biznes sektoru ilə bağlı genişmiqyaslı işlər görürlər. Ukraynada ermənilərin son illərdə hakimiyyət eşalonunda güclü mövqelərə malik olmalarının sirri də bundadır. "Demokrat” cildinə girmiş erməniləri əslində İranın yasaq edilmiş maliyyə sektorunun sayəsində əldə etdikləri "faizlər” maraqlandırır.


OXŞAR XƏBƏRLƏR