İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər

İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
SOSİAL
13:45 21.10.2026
116
Son illər işə qəbul zamanı namizədlərin yalnız peşəkar bilik və bacarıqları deyil, sosial şəbəkələrdəki fəaliyyəti də diqqət çəkir.
 
Bəzi işəgötürənlər namizədin şəxsi hesablarını nəzərdən keçirərək onun paylaşımlarına, ünsiyyət tərzinə və ictimai davranışına diqqət yetirirlər.

Bəs işə qəbul zamanı namizədin sosial şəbəkə hesabının yoxlanılması nə dərəcədə yayılıb və hansı paylaşımlar işə qəbul qərarına təsir göstərə bilər?

İnsan resursları üzrə menecer Röyal Əhmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, bəzi şirkətlər işə qəbul zamanı namizədlərin sosial şəbəkə hesablarını yoxlayırlar:

"Bəzi şirkətlər işə qəbul zamanı namizədlərin sosial şəbəkə hesablarını yoxlayırlar. Lakin bu, bütün şirkətlərdə tətbiq olunan və ya hər bir namizəd üçün mütləq həyata keçirilən prosedur deyil. Bu yanaşma şirkətin daxili siyasətindən, vakansiyanın xüsusiyyətlərindən, vəzifənin məsuliyyət səviyyəsindən və namizədin təmsil edəcəyi peşəkar mühitdən asılıdır. 

Məsələn, kommunikasiya, ictimaiyyətlə əlaqələr, marketinq, satış və rəhbər vəzifələr üzrə seçim zamanı namizədin ictimai imici və sosial şəbəkələrdə özünü təqdimetmə tərzi daha çox diqqət çəkə bilər. Bununla belə, sosial şəbəkə hesabının yoxlanılması namizədin peşəkar bacarıqlarının, təcrübəsinin və potensialının qiymətləndirilməsini əvəz etməməlidir”.
 
 

Röyal Əhmədov sosial şəbəkələrdəki bəzi paylaşımların işəgötürəndə mənfi təəssürat yarada biləcəyini bildirib:

"İlk növbədə, təhqir, təhdid, ayrı-seçkilik, zorakılığın təşviqi və digər insanlara qarşı hörmətsizlik nümayiş etdirən paylaşımlar mənfi təəssürat yarada bilər. Xüsusilə namizədin gələcək işində müştərilərlə, əməkdaşlarla və ya tərəfdaşlarla ünsiyyət qurması tələb olunursa, belə davranışlar işəgötürəndə müəyyən suallar yarada bilər. Digər mühüm məsələ məxfilik və peşəkar etikadır. Əvvəlki iş yerinə aid məxfi məlumatların, müştəri məlumatlarının və ya şəxsi yazışmaların icazəsiz paylaşılması ciddi narahatlıq doğura bilər. Çünki bu, namizədin gələcəkdə şirkət məlumatlarının qorunmasına necə yanaşacağı barədə suallar yaradır”.

İnsan resursları üzrə menecer qeyd edib ki, sosial şəbəkələrdəki fəaliyyət namizəd üçün üstünlük də yarada bilər:

"Öz sahəsi ilə bağlı faydalı məlumatlar paylaşan, peşəkar müzakirələrdə iştirak edən, təlimlərdə və layihələrdə qazandığı təcrübəni nümayiş etdirən şəxslər işəgötürəndə müsbət təəssürat yarada bilərlər. LinkedIn-də peşəkar fəaliyyətini düzgün təqdim etmək, layihələr haqqında məlumat vermək və sahə üzrə biliklərini nümayiş etdirmək namizədin görünürlüğünü artıra bilər. Lakin hesabın aktiv olmaması, paylaşım etməmək və ya şəxsi profilin qapalı olması avtomatik olaraq namizədin mənfi qiymətləndirilməsi üçün əsas sayılmamalıdır. Hər kəs sosial şəbəkələrdən eyni məqsədlə istifadə etmir”.

Röyal Əhmədovun sözlərinə görə, işəgötürənlər sosial şəbəkələrə namizədin peşəkar uyğunluğunu qiymətləndirməyə kömək edən əlavə məlumat mənbəyi kimi yanaşmalıdırlar:

"Yalnız bir paylaşım əsasında qərar vermək, şəxsi həyatla bağlı subyektiv qənaətlər formalaşdırmaq və ya namizədin peşəkar keyfiyyətlərini nəzərə almamaq düzgün yanaşma deyil. Məlumatın etibarlılığı, vəzifə ilə əlaqəsi və namizədə bərabər yanaşma prinsipi qorunmalıdır. Namizədlərə tövsiyəm sosial şəbəkələrdə paylaşım etməzdən əvvəl həmin məzmunun gələcəkdə peşəkar imiclərinə necə təsir göstərə biləcəyini düşünmələridir. Bu, şəxsi həyatı tamamilə gizlətmək və ya yalnız işlə bağlı paylaşımlar etmək demək deyil. Sadəcə, onlayn mühitdə də ünsiyyət mədəniyyətini qorumaq, başqalarının hüquqlarına hörmət etmək və şəxsi məlumatların təhlükəsizliyinə diqqət yetirmək vacibdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR