Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, İsa Qəmbərin Seçki Qərargahının sədri Arif Hacılının ötən gün “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə söylədiyi fikirlər birmənalı qarşılanmayıb.
Arif Hacı müsahibəsində qarşıdan gələn seçkilərdə İsa Qəmbərlə müqayisə olunacaq namizəd görmədiyini və “Müsavat”ın qatılmadığı hər hansı koalisiyanın uğur qazanmaq şansından məhrum olduğunu söyləyib.
AZXEBER.COM səslənən iddialarla bağlı Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikirlərini öyrənib. Partiya sədri Arif Hacılının bu fikirlərinin heç bir əsası olmadığını söyləyib. O, İsa Qəmbərin artıq məğlub durumda olduğunu bildirib:
“İsa Qəmbərin 2003-cü il prezident seçkilərində şansı olub. Həmin dövrdə onu 20-yə yaxın müxalifət partiyası müdafiə edirdi və onun vahid namizəd olmaq şansı böyük idi. İndi isə, İsa Qəmbər həmin gücünü tamamilə itirilib. 2001-ci ildə Parlament seçkilərində, 2003-cü ildə isə Prezident seçkilərindən sonra sosial baza İsa Qəmbər və müxalifətdən kəskin şəkildə aralandı. Çünki verilən vədlər özünü doğrultmadı. Buna görə də, camaat artıq İsa Qəmbərin seçkilərdə şansı olmadığını anladı”.
T.Kərimli indiki vəziyyətdə Əli Kərimli ilə Eldar Namazovun özlərini İsa Qəmbərdən heçdə zəif hesab etmədiklərini söyləyib:
“İndiki vəziyyətdə isə Əli Kərimli, Eldar Namazov və digərləri özlərini İsa Qəmbərdən heçdə zəif hesab etmirlər. 2003-cü ildə Əli Kərimli və Etibar Məmmədov İsa Qənbərə güzəştə getmədilər. Halbuki getsəydilər nəsə ola bilərdi, amma indiki namizədlər heçbir güzəştə getmək niyyətində deyil.
Digər tərəfdən isə, bu cəmiyyətə bir mesaj idi. O öz namizədliyini geriyə götürmür, amma düşünür ki, Eldar Namazov, Əli Kərimliyə güzəştə gedərək namizədliyini geriyə çəkib vəziyyətdən çıxış yolu tapa bilər. Bu da o deməkdir ki, müxalifət artıq parçalanıb və onların vahid namizədlə çıxış etmələri gözlənilmir. Mən düşünürəm ki, indiki vəziyyətdə bu müxalifətin real gücünə aid olmayan bir iddiadır”.
Partiya sədri hazırda “Müsavat” başqanının fors-major vəziyyətlərə ümid bəslədiyini və bununlada öz siyasi mövcudluğunu qorumağa çalışdığını bildirib:
“Əlbəttə, İsa Qəmbər özü də anlayır ki, məğlub durumdadır və baş verə biləcək fors-major vəziyyətlərə ümid edərək öz siyasi mövcudluğunu qorumağa çalışır”.
Əfsələddin Ağalarov