"İşıqlı dünyanın yeni reallığı"

"İşıqlı dünyanın yeni reallığı"
KÖŞƏ
11:38 10.10.2022
1127
07.10.2022-ci il tarixində təşkil olunmuş "Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil edəcəyi "Şuşa, Füzuli, Hadrut” səfərinə direktorumuzun məni göndərməsi anidən aldığım ən gözəl xəbər idi. Səhər saat 6-da yola düşdük. Hər kəs yuxulu olsa da, üzlərində olan xoşbəxtliyi görmək mümkün idi.
 
Yol boyu daxilimdə qəribə bir hiss var idi, 30 ilə yaxındır ki, ermənilərin işğalında olan bu torpaqlar uğrunda canından keçən igidlərin qəhrəmanlığı göz önümə gəlirdi. İşğaldan azad olunmuş Füzuli torpaqlarına qədəm qoyanda qarşılaşdığımız mənzərə isə çox acınacaqlı idi. İllərlə həsrətində olduğumuz torpaqlarımıza ilk qədəm qoyanda rastlaşdığımız mənzərə dağıdılmış və talan edilmiş qəbirlər, yandırılmış və ya sonuncu daşlarına qədər oğurlanmış evlər oldu. Bir az irəlilədikdən sonra ötən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təməli qoyulan "Füzuli Rəqamsal yarımstansiya və İdarəetmə Mərkəzi”nə çatdıq.

Burada "Azərişıq” ASC-nin əməkdaşlarının işçilərinə göz gəzdirdim. Heç bir işçinin üzündə narazılıq və yorğunluq hiss olunmurdu, hər biri işini sevərək və ürəkdən görürdü. Bu yerdə Paul İohan Lüdvik fon Heysenin "üzü işığa doğru yönəlmiş insan neçə yaşında olursa-olsun gəncdir” fikri yadıma düşdü. Bu qədər qısa müddət ərzində böyük işlər görmək təqdirəlayiqdir. Ən çox ona görə ki, düşmən tərəfindən dağıdılmış kənd və şəhərlərdə həyatın yenidən canlanması üçün ən vacib şərtlərdən biri məhz işığın olmasıdır. İşğaldan azad olunmuş ərazilərdə də fasiləsiz işığın təmin edilməsi bərpa prosesinin ən vacib elementlərindəndir. Qısa müddət ərzində bu qədər ərazidə genişmiqyaslı layihələrin həyata keçirilməsi göz önündə idi. Bir az da ətrafa nəzər saldıqdan sonra yola düşürük Xocavənd rayonunun Hadrut qəsəbəsinə. Avtobusumuz Zəfər Yolu ilə irəliləyir. Yol kənarında əzəmətli Füzuli Hava Limanı görünür. Hər tərəfi uca dağlar, yaşıllıqlarla əhatələnmiş Xocavənd rayonu ərazisinə daxil oluruq.

 

Ətrafa nəzər salanda yalnız qəhrəman hərbçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və infrastruktur layihələri icra edən və abadlıq-quruculuq işləri ilə məşğul olan soydaşlarımızı görə bilirdik. Odur, uzaqdan bizi "Hadrut qovşaq yarımstansiyası və rəqəmsal idarəetmə mərkəzi" qarşılayır. Tikintisi davam edən "Hadrut qovşaq yarımstansiyası"nın təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Jurnalist dostlarımızla bir az Hadrutda gəzirik, qəsəbədə üzərində Azərbaycan bayrağı əks olunan iri daş parçası ilə fotolar çəkdiririk. Qürurluyuq. Çünki bu iri daş parçası vaxtilə qondarma "respublika”nın bayrağı ilə rənglənmişdi. Hazırda isə həmin daş Azərbaycan bayrağının rənglərinə boyanıb. Buradan da xoş hislərlə ayrılaraq Şuşaya yola düşürük. Sevincliyəm, qürurluyam, kədərliyəm, eyni zamanda qarışıq hislər keçirirəm.

 

Nəhayət, uzaqdan dağ başındakı vüqarlı Şuşanın sərt sıldırım qayaları görünür. İkinci səfərini edən həmkarlarım mənə Daşaltı kəndini göstərir. Şuşanın girişinə çatırıq. Dağın ətəyində Azərbaycan və Türkiyə bayraqları ilə əhatələnmiş "Şuşa" lövhəsi görünür. "Azərişıq” əməkdaşları və jurnalistlərlə yollanırıq "Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi"nə. Açılışı 2022-ci il mayın 10-da Prezident İlham Əliyevin tərəfindən edilib. İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir. Buradan da xoş hislərlə ayrılırıq. Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün lazım olan bütün imkanlardan istifadə etməklə "Azərişıq” ASC bu işin də öhdəsindən layiqincə gələcək. Odur ki, Qarabağın tezliklə cənnət-məkana çevriləcəyinə heç kimin zərrə qədər də şübhəsi yoxdur. Biz inanırıq və növbəti səfərimizdə Qarabağı tam işıqlı görəcəyimizdən əminik.
 
Ayşən Mirzəyeva 


 


OXŞAR XƏBƏRLƏR