"İslahatçı Gənclər" Gürcüstan, Kipr və Türkiyədə Cümhuriyyət Günü ilə bağlı tədbirlər keçirəcək

GƏNCLİK
12:34 21.05.2018
5676

İslahatçı Gənclər İctimai Birliyi "Cümhuriyyətimiz 100 yaşında” devizi ilə beynəlxalq tədbirlərə start verir.

Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq, vətəndaş cəmiyyətinin fəalları da bir sıra tədbirlər həyata keçirməkdədirlər. Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində hər zaman fəallıq nümayiş etdirən İslahatçı Gənclər İctimai Birliyi yaxın 10 gün ərzində bir-neçə ölkədə "Cümhuriyyətimiz 100 yaşında” devizi ilə tədbirlər təşkil edəcək.

İGİB sədri Fərid Şahbazlının AZXEBER.COM-a verdiyi məlumata görə, may ayının 23-də Tbilisi şəhərində yerləşən Gürcüstan Texniki Universitetində "Gürcüstan və Azərbaycan: Cümhuriyyətimiz 100 yaşında” adı altında konfrans keçiriləcək. Gürcü və azərbaycanlı gənclərin, vətəndaş cəmiyyəti fəalları və media nümayəndələrinin iştirak edəcəyi konfransda hər iki ölkənin Cümhuriyyət tarixi barədə danışılacaq və məruzələr dinləniləcək. Fərid Şahbazlının sözlərinə görə, növbəti tədbirlər Kipr və Türkiyədə keçiriləcək və həmin tədbirlərdə Azərbaycandan da qonaqlar qatılacaqlar.

Cümhuriyyət Gününə həsr olunmuş bu tədbirlərdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov, Polşada Azərbaycan Gəncləri Birliyinin (AYPU) sədri Cavid Zeynalov, Azxeber.com informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov da iştirak edəcək. 

"Cümhuriyyətimiz 100 yaşında” devizi altında Türkiyənin İstanbul şəhərində də bir sıra tədbirlər keçiriləcək və Türkiyə televiziyalarında müsahibələr yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR