Rəis müavini bildirib ki, onlar arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində ümumilikdə 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçiblər və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıblar. Sonra onlar otelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıblar. Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Hadisə zamanı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları - 1980-ci il təvəllüdlü Əsgərov Səfa Ədalət oğlu, 1989-cu il təvəllüdlü Lətifov İmran Vahid oğlu və 1986-cı il təvəllüdlü Kərimov Rauf Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə əlaqədar olaraq “Çıraq” otelinin müdiri Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov həbs edilib. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. Aksiya iştirakçılarından isə heç kim polis əməkdaşları tərəfindən saxlanılmayıb. Dörd saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb və gecə saat 02:30 radələrində insanlar evlərinə gediblər. Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və daxili qoşunların briqadaları cəlb edilib.
Aksiya başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general mayoru Cavanşir Məmmədovun rəhbərliyi ilə İsmayıllı rayon Polis Şöbəsində müşavirə keçirilib.