AzadlıqRadiosuna müsahibəsində İcra başçısının 1-ci müavini Rəfael Əhmədov 32 nəfərin saxlandığını deyib. Amma «Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıl iki gün ərzində saxlananların 150 nəfər olduğunu bildirir.
«Bizə məlumatlar gəlir ki, onlara işgəncələr verilir. Hətta vəkilləri ilə görüşlərə belə imkan verilmir. Üzdə sakitlik olsa da adamlar narazıdırlar, onlar tutulanların buraxılmasını və icra başçısının da istefasını tələb edirlər. Jurnalistlərə qarşı normal davranılsa da, başqa adamlara qarşı sərt davranılır».
İcra başçısının müavini isə bu məlumatı təkzib edir. O, hazırda rayonda sakitlik olduğunu, rayonun mərkəzi küçələrinin daş və kəsəklərdən təmizləndiyini bildirir.
«Camaat, əhali özü küçələri təmizləyir. Sakitlikdir, daxili qoşun və polislər rayon mərkəzindədirlər».
Tutulan rayon sakinlərinin harada saxlandığı barədə rayon polis idarəsindən hər hansı məlumat almaq mümkün olmayıb. İcra başçısının 1-ci müavini Rəfael Əhmədov da məlumatsız olduğunu deyib.