Etirazçıların qaldırdıqları, səsləndirdikləri şüarlarda əlbəttə ki, müəyyən həqiqət var. Ancaq “Rus ordusuna güvənmirik, erməni ordusuna güvənirik!” kimi iddialar quru pafosdan savayı bir şey deyil. Çünki az qala uşaq da bilir ki, Ermənistan Rusiyanın dəstəyi olmadan qonşu ölkənin ərazilərini işğalda saxlamaq gücündə deyil və Azərbaycanın önündə duruş gətirə bilməz. Elə bu reallığı bildiyi üçün də rəsmi İrəvan ictimai etirazlara rəğmən, Moskva ilə ənənəvi münasibətləri saxlamağa çalışır, strateji olaraq kursu saxlayır. Amma Sərkisyan iqtidarı hakimiyyətini qorumaq üçün ictimai ovqatı ciddiyə də almaq zorundadır. Ermənistanda II Dünya müharibəsi zamanı nasistlər tərəfdə döyüşmüş Qaregin Njdenin abidəsinin ucaldılması, abidənin açılış mərasiminə prezident Serj Sərkisyanın şəxsən qatılması buna sübutdur.
Bəllidir ki, olay Rusiya tərəfinin sərt reaksiyasına səbəb olub - həm Rusiya ictimai-siyasi xadimləri və ekspert dairələri, həm də Rusiya XİN səviyyəsində məsələyə neqativ münasibət bildirilib. Bir çox analitiklər isə faktın hətta İrəvan-Moskva münasibətlərinin pozulması ilə nəticələnə biləcəyi, Qarabağ məsələsində Azərbaycanın mövqeyinin güclənəcəyi haqda proqnozlar səsləndirirlər. Lragir.am saytındakı məqalədə bu mövzuda yazan siyasi ekspert Naira Ayrumyan isə Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək vermək üçün İrəvanla bilərəkdən münasibətləri pozduğu iddiasını irəli sürüb (publika.az ): “Rusiya münaqişəni Azərbaycanın xeyrinə həll etmək istəyir və indiki məqamda bunun üçün ona Ermənistanla münasibətləri korlamaq lazımdır. Qaregin Njdeyə abidə qoyulması bu məsələdə ciddi səbəb oldu. Belə görünür ki, Moskva İrəvanı vurmaq üçün bütün üsullardan istifadə etməyə çalışır, amma Ermənistan Rusiyanı inadla özünün müttəfiqi adlandırır”. Erməni şərhçiyə görə, Ermənistan Qarabağ məsələsində ciddi güzəştlərə məcbur ediləcək: “Yaxşı münasibətlər fonunda Rusiya Ermənistanı buna məcbur edə bilmir. Onun üçün də Ermənistanı özünə düşmən edərək, onu intihara sövq edir. 1990-cı illərdə Qarabağ münaqişəsinin nizama salınması üçün iki variant - paket və mərhələli həll variantları təklif olunurdu. Həmin dövrdən sonra Rusiya Ermənistanı tamamilə ələ keçirdi. Kommunikasiya, energetika və digər mühüm sahələr rusların əlindədir. Ermənistan buna qarşı müqavimət göstərməməyi üstün tutdu. Buna görə də Rusiya Ermənistanı Qarabağ məsələsində güzəştə getməyə məcbur etmədi. 1998-ci ildə isə Qərb tərəfindən ”ümumi dövlət" variantı təklif olundu. Hansı ki, bunu Azərbaycan rədd etdi. Güman ki, bu variantın təklif olunmasından sonra Bakı Rusiyaya məxfi nümayəndələr göndərərək, Moskvanın daha əlverişli olan təklifləri haqda düşünməyə başladı. 2011-ci ildə rusların irəli sürdüyü “Kazan sənədi” də rədd olundu. Çünki bu daha çox Rusiyanın maraqlarına xidmət edirdi. Sonra Rusiya Ermənistanı Avropa Birliyindən imtina edərək, Avrasiya İttifaqına daxil olmağa məcbur etdi. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan lal olub susdu, heç bir etiraz bildirmədi. Aprel müharibəsindən sonra isə Ermənistan Rusiyaya, sadəcə, kiçik etiraz etdi, lakin münasibətləri korlamadı. Rusiya isə bu illər ərzində Qarabağı Azərbaycana qaytarmaq üçün səbəblər axtarır. Görünür, İrəvanda bir nəfərə qoyulan abidə bunun üçün əsas ola bilər".
Öz növbəsində rusiyalı tanınmış politoloq Andrey Yepifantsev abidə olayına bir qədər fərqli rakursdan yanaşır. “Baxmayaraq ki, Njde əvvəllər ermənilər arasında heç də ən nüfuzlu və sayılan xadim olmayıb, amma indi - Rusiyadan narazılıq fonunda Ermənistanda əks reaksiya gedəcək: cəmiyyətin onun ətraflında səfərbər olunması, bütövlükdə anti-Rusiya ovqatının güclənməsi prosesi gedəcək. Bu da Ermənistanın Qarabağ məsələsində Kremldən ifrat gözləntilərinin reallaşmaması ilə bağlıdır. Onu da istisna eləmək olmaz ki, nasist əlaltısı Njde ətrafında qalmaqal İsrailin də narazılığına səbəb olacaq və Bakıya yəhudi dövləti tərıfindən yeni partiya müasir silahların verilməsinə gətirə bilər”, - deyə politoloq öz facebook səhifəsində yazıb. Yeri gəlmişkən, İsrailin təzə müdafiə naziri Azərbaycanın dostlarından və lobbiçilərindən sayılan Avidqor Libermandır.