İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
SOSİAL
21:17 09.03.2026
146
İnsanlar çox zaman öz çətinliklərini gizlətməyə çalışır, sanki zəifliklərini göstərmək ayıbdır. Halbuki məhz bu məqamda yanılırlar. Hər bir insanın taleyində enişlər və yoxuşlar olur. Elə anlar gəlir ki, insan özünü zəif hiss edir, amma məhz bu zəiflik anlarında o, yaşamaq uğrunda mübarizə aparmaq üçün tanıdığı və ya tanımadığı insanlarla əlaqə qurmağa başlayır. Bu dialoqlar, bu qarşılıqlı münasibətlər təkcə onu xilas etmir, həm də onun iş həyatını genişləndirir, şəxsiyyətini böyüdür.
Əgər sən 15-20 il ərzində eyni yolla, dəyişmədən, sanki bir rels üzərində hərəkət etmisənsə, bu sənə uğur deyil, tükənmişlik gətirə bilər. Bədən və ruh bu monotonluğa cavab olaraq fiziki və ya psixoloji xəstəliklərlə reaksiya verə bilər. Bir iş qadını olaraq əminliklə deyə bilərəm: dəyişiklik olmadan inkişaf mümkün deyil.
Zəifliklərini qəbul edib onları gücə çevirmək sənin əlindədir. Lakin bu yolda ən böyük maneə qorxudur. Qorxu – sənin ən yaxın düşmənindir. Onun evi "gələcək” zamanındadır. Orada sanki çıxış yolu yoxdur, sanki hər şey qaranlıqdır. Və sən, uslu bir şagird kimi, səsini çıxarmadan bu qorxunun hökmünə tabe olursan. Zaman keçir, və bir gün ayılıb deyirsən: "Kaş ki, vaxtında uduzardım, amma qərarımı verərdim.” Hətta uduzmağa belə həsədlə baxırsan.
Bu səbəbdən, əgər səni işdən çıxarırlarsa – bu bir fürsətdir. Əgər səni işə qəbul etmirlərsə – bu, yeni insanlarla tanış olmaq, şəbəkəni genişləndirmək üçün imkandır. Əgər pul qazana bilmirsənsə – bu, özünü inkişaf etdirmək üçün sənə verilmiş zamandır. Çünki iş dünyasında daim düz gedən insan, əslində, çoxdan yanıb və sadəcə bu yanmış halını qəbul etmiş biridir.
Həyat – böyük bir səyahətdir. Harada doğulacağımıza biz qərar vermirik. Amma necə yaşayacağımıza, hansı istiqamətdə gedəcəyimizə qərar verən bizik. Bu dünya – ruhumuzun yenidən doğulduğu bir turizm şirkətidir. Və bu səyahətdə ən gözəl geyim – özünə inamdır. O, xaricdən deyil, içdən geyinilməlidir.
Unutma: Qərar pulla alınmır. Amma doğru qərarlarla sən pulu əldə edə bilərsən.
Psixoloq Xatirə Səfərova