Azər Sarıyev Belə davam etsə, işsizlik mənə baha başa gələcək. Özüm bir o qədər də xərcə düşməsəm də, atamgilin xeyli borcu yaranıb. Mənim iş, daha doğrusu vəzifə tapmağım üçün anam iki qoyun qurbanı, rayondakı müqəddəs ocaqlardan üçünə, dörd ağır seyidin cəddinə-hərəsinə 50 manat olmaqla nəzir deyib. Ola bilsin ki, atamın da ürəyində tutuduğu niyyəti var. Amma kişi qüruruna sığışdırıb dilinə gətirmir. Özü birüzə verməsə də, çox narahat olduğunu bilirəm. Anam xanımıma sirr verib ki, hətta kişinin iki dəfə ürəyi tutub. Özünə dərd eləyir ki, onun fərsiz oğlu niyə gül kimi dövlət postunu qoyub Türkiyəyə getdi. Oradan da əli ətəyindən uzun qayıdıb gəldi. Bizim tərəflərin ataları belədir. Oğullarını nə qədər tənqid, təhqir etsələr də, onları sevirlər. Uğurlarına sevinir, vəzifələri ilə qürrələnirlər. Amma mən heyif ki, valideynlərimi, əsasən də atamı bu zövqdən məhrum etmişəm. Onların da işi-gücü gecə-gündüz Allaha yalvarıb mənə əvvəlcə can sağlığı, sonra vəzifə istəməkdir. Anam Allahdan başqa qonşuluqdakı molla Ayfon Ələmdara da pənah aparıb, dua yazdırıb. Amma duanın pulunu nəzirlərdən fərqli olaraq nəğd edib. Ayfon Ələmdarın arvadı Fəridə xalaya bir 20-lik verib ki, mənim tezliklə vəzifəyə getməyim üçün ürəylərə insaf salan, daş qəlbləri əridən, yolları, bağlı qapıları açan güclü bir dua yazsın... Ayfon Ələmdar nəinki məhəlləmizdə, rayonumuzda da çox hörmətli din xadimlərindəndir. Məclislərdə "Yasin” surəsini "İphone 5 s” telefonundan oxuduğundan, məhəllə uşaqları ona "ayfon” ayaması veriblər. Molla Ələmdar çönüb olub Ayfon Ələmdar. Ayfon Ələmdarın informasiya texnologiyalarından, mobilə rabitə yeniliklərindən baş çıxarması başqa mollaların bazarını əməllicə zəiflədib. Məsələn, rayonumuzdakı dindar cavanlar "solçuluq” etmək istəyəndə, Ələmdara zəng edib məqsədlərini deyirlər. Molla da onların günaha batmamasından ötrü 10 manatlıq kontur müqabilində siğənin mətnini ya sms-lə onların telefonuna göndərir, ya da "odnakllsanik. ru” dakı profilindən ismarıcla sifarişçilərin "inbox”una atır. Xəbərdarlıq da edir ki, bu, birdəfəlik istifadə üçündür. İkinci dəfədən ötrü hökmən molladan halallıq alınmalıdır. 10 manatlıq konturunu ver, halallığını al. Arada bir tanış adamlara və 60 yaşdan yuxarı imkansız ağsaqqallara endirim də edir.