"Ukrayna-Rusiya müharibəsi gedə-gedə tərəflər Türkiyədə görüşdülər. Hələlik Rusiyanın səsləndirdiyi ümumi tələblər, Zelenskinin rus jurnalistinə müsahibədə bildirdiyi fikirlər məsələyə nikbin yanaşmaq üçün heç bir əsas vermir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, qeyd edib ki, Rusiyanın tələbləri həddən artıq azğındır:
"Rusiyanın tələbləri həddən artıq azğındır, qəliz tələblərdir. Bu tələblər qalib tərəfin tələbləridir, amma Rusiya qalib deyil. Ukrayna ordusu döyüşür, pis də döyüşmür. Rus ordusu böyük itkilərə məruz qalır, gələcək hücumlar üçün qüvvələri kifayət etmir”.
Politoloq həmçinin qeyd edib ki, rus qoşunları Ukraynadan çıxmayınca onlar heç bir sənədə imza atmayacaqlar:
"İndi belə bir şəraitdə Rusiya öz tələblərindən geri çəkiləcəkmi, Ukrayna hansısa ağılabatan güzəştlərə gedəcəkmi, ondan sonra müharibə dayanacaqmı, bunları da zaman göstərəcək. Mən onu deyə bilərəm ki, prezident Zelenski bildirib ki, Ukrayna öz suveren dövlət hüquqlarından, öz ərazi bütövlüyündən geri çəkilməyəcək. Rus qoşunları Ukraynadan çıxmayınca heç bir sənədə imza atmayacaqlar”.
Aydın Nuri