Türkiyənin İstanbul şəhərində "İslahatçı Gənclər İctimai Birliyi”, "Azxeber Media” və Editor.az İnformasiya portalının birgə təşkilatçılığı, Avrasiya Yerel Yönetimlər Dərnəyinin dəstəyi ilə 8 noyabr Zəfər günü münasibətilə "Azərbaycan-Türkiyə Jurnalistlərinin Zəfər Görüşü” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd müharibənin informasiya cəbhəsində Azərbaycan və Türkiyə jurnalistlərinin media qurumlarının birgə fəaliyyətini müzakirə etmək, eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra Azərbaycanın haqlı mübarizəsini Türkiyədə ictimaiyyətin diqqətinə çatdıran, bu prosesdə aktivlik göstərən Azərbaycan-Türkiyə media qurumlarının təmsilçilərini "Qarabağ milli mükafatı” ilə təltif etmək olub.
Tədbirdə Azərbaycanın İstanbuldakı Konsulluğunun diplomatı Murad Balacayev, Azərbaycan Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, "İslahatçı Gənclər İctimai Birliyi”nin sədri Fərid Şahbazlı, Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov eyni zamanda Türkiyənin "CNN-Türk”, "HaberTürk”, "Ahaber”, "İhlas”, "TGRT”, "TV100”, NTV, Akit TV, TRT Haber, TRT World, Ulusal kanal, TVNET, 24 TV kimi tanınmış televiziyalarının təmsilçiləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində müharibə yalnız ön cəbhədə deyil, həm də informasiya cəbhəsində gedib. Onlar Azərbaycan-Türkiyə jurnalistlərini birgə hərəkət edərək Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərini, Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinin diqqətinə çatdırıblar.
Çıxış edən Azərbaycandan və Türkiyədən olan media nümayəndələri bildiriblər ki, bundan sonra da Türkiyə-Azərbaycan mediasının birgə və yaxından əməkdaşlıq etməsinə ciddi ehtiyac var.
Konsulluğun diplomatı qeyd edib ki, dünya ictimaiyyəti Qarabağda yaşananları əsasən Türkiyə mediası vasitəsilə öyrənib.
Sonda jurnalistlər "Qarabağ zəfəri" mükafatı ilə təltif edilib.