Yaxın Şərqdəki böhran fonunda İsveçrədə benzinin qiyməti artmaqda davam edir. Belə ki, Ai-95 markalı yanacağın bir litrinin qiyməti 2 franka (təxminən 4,19 azn) yaxınlaşır.
Bu barədə məlumat "RİA Novosti”nin ölkənin ən böyük avtomobilçilər assosiasiyası olan "Touring Club Suisse"nin (TCS) hesabatından əldə etdiyi statistikada yer alıb.
Avqustun 15-nə olan məlumata görə, Ai-95 markalı benzinin bir litri 1,97 frank (4,13 azn) təşkil edib ki, bu da 2026-cı ilin rekord göstəricisidir.
Ai-98 markalı benzinin litri 2,08 frank (4,25 azn), dizel yanacağının litri isə 2,22 frank olub.
Müqayisə üçün qeyd edilib ki, cari ilin fevral ayında Ai-95-in litri 1,61 frank, dizelin litri isə 1,73 frank olub. Yaxın Şərqdə münaqişənin başlamasından sonra benzinin qiyməti 22%, dizel yanacağının qiyməti isə 28% sıçrayış edib.
Yanacağın bahalaşmasının səbəbləri arasında Hörmüz boğazı vasitəsilə neft daşınmasında yaranan fasilələr (bu, Avropa ölkələrinə xam neft tədarükünün azalmasına səbəb olub), həmçinin Reyn çayında quraqlıq və suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çay nəqliyyatı ilə yanacaq daşınmasının çətinləşməsi göstərilir.
"24heures" portalı qeyd edir ki, 2022-ci ildə Ukrayna münaqişəsinin başlamasından sonra qeydə alınan rekord qiymət hələlik yenilənməyib. O vaxt benzinin qiyməti bir litr üçün 2,30 franka qədər yüksəlmişdi.