İtaliya futbolunun əfsanəsi Fabio Kannavaro karyerasında yeni səhifə açmağa hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, 2006-cı ildə "Qızıl top”u qazanmış keçmiş müdafiəçi Özbəkistan millisinin baş məşqçisi təyin ediləcək. Tərəflər artıq prinsipial razılıq əldə ediblər və yaxın 48 saatda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
52 yaşlı mütəxəssis bu ilin aprelində Zaqreb "Dinamo”su ilə yollarını ayırdıqdan sonra işsiz idi. Daha öncə isə Asiyada zəngin təcrübə toplayıb – Çinin "Quançjou Everqrand” klubunda iki müxtəlif dövrdə beş mövsüm işləyib, həmçinin Səudiyyə Ərəbistanının "Əl-Nəsr” komandasını və Çin yığmasını çalışdırıb.
2022-ci ildən sonra Avropaya qayıdan Kannavaro "Benevento”, "Udineze” və "Dinamo”da (Zaqreb) qısa müddət baş məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Özbəkistan yığması tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb və 2026-cı ildə Kannavaronun rəhbərliyi altında mundialda debüt edəcək.